BELÇİKA "KOKAİN İÇİNDƏ ÜZÜR" - Rəsmilər "SOS" siqnalı verir

Belçika kokain içində üzür. Ölkə bu yaxınlarda o qədər ağ toz müsadirə edib ki, indi yeni problemlə üzləşib: narkotik bandaları müsadirə edilmiş külli miqdarda kokaini geri oğurlamaq istəyirlər.

Stopnarkotik.az xəbər verir ki, Latın Amerikasından daşınan narkotiklər, xüsusən də kokain ən çox Avropanın iki ölkəsinə - Belçika və Hollandiyaya gətirilir. Belçikada son aylarda kokain ələ keçirmə halları artıb. Hollandiyada ələ keçirilən kokaini bir gündə yandırmaq mümkün olsa da, bu variant Belçikada hələ ki, işləmir və cinayətkarlara qarşısıalınmaz fürsət yaradır.

KOKAİN MÜSADİRƏSİ ARTMAQDADIR

Belçikanın narkotik işləri üzrə komissarı İne Van Vimerş, “Bizim ələ keçirdiyimiz narkotikin miqdarı həddən çoxdur və artıq hesablanmış riskə aid deyil. Narkotik mafiyaları narkotikləri geri qaytarmaq üçün çox şeyə hazırdırlar”, deyə narahatçılığını bildirir.

Bu yaxınlarda Antverpen yaxınlığında ələ keçirilmiş narkotik konteynerinin yanında iki liman işçisi üç nəfər tərəfindən bıçaqla hədələnərək əl-qolu bağlanıb. Daha sonra Belçika gömrüyü konteynerdə heyvan dəriləri arasında gizlədilmiş kokain olduğunu təsdiqləyib. Hadisə, müsadirə edilmiş kokain yükünü geri qaytarmağı planlaşdıran ağır silahlı yeddi hollandiyalının Antverpendə son anda ələ keçirilməsindən üç həftə sonra baş verib.

Belçikada son illərdə narkotiklərlə bağlı zorakılıq hallarının kəskin artması müşahidə olunur. Xüsusilə indi ölkə mərkəzi Antverpendə və Aİ-nin ikinci ən böyük limanında olan qlobal narkotik ticarətində getdikcə daha çox əhəmiyyət kəsb edir.

Son insidentlər göstərir ki, Belçikanın rəsmi orqanları narkotik bandalarının hökumətin ələ keçirdiyi narkotik partiyalarını gömrükdən və polisdən geri almaq üçün  güc tətbiq etməkdən çəkinməyəcəyini bilir və buna görə tam hazırlıq vəziyyətinə gətirilib. Bu məsələ hətta müsadirə edilmiş narkotiklərin hökumətin əlinə keçməsində ləngimələrə görə kimin cavabdeh olması ilə bağlı siyasi çaxnaşmalara səbəb oldu. Belə görünür ki, hökumətin içində də narkotik ticarətinə zərbə vurulmasına mane olan siyasilər var.

MÜSADİRƏ OLUNAN NARKOTİKİ TEZ MƏHV EDİN

Belçika Maliyyə Nazirliyinin gömrük və aksiz şöbəsinin müdiri Kristian Vandervaren müsadirə edilmiş narkotiklərin mümkün qədər tez, yəni elə ələ keçirildiyi həmin gün yandırılmasına çağırıb. “Hollandiya narkotiki ələ keçirir, həmin gün yandırır. O ölkənin buna imkanları var. Bizim isə indi belə imkanımız yoxdur”, deyə Vandervaren bildirir.

Bununla belə, Flamand Ətraf Mühit Naziri Zuhal Dəmir bu problemin olduğunu inkar edir və kadr çatışmazlığında federal gömrük idarəsini günahlandırır. O əlavə edib ki, utilizasiyanın təşkili ilə gömrük və tullantı operatorları məşğul olmalıdır.

Narkotik vasitələrin götürülməsi və saxlanmasından tutmuş yandırma zavoduna daşınmasına qədər gömrük əməkdaşlarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar da var. Gömrük işçiləri kokaini müsadirə etdikdən sonra yükün təhlükəsizliyinə cavabdehdirlər. Polis nəqliyyatla bağlı kömək edir. 2022-ci ildə Antverpendə 110 ton kokain müsadirə edilmişdi və görünür ki, bu il bu rekord qırılacaq.

Stopnarkotik.az