Xəbər verdiyimiz kimi, Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Nəcib Osmanov işlədiyi dövürdə Xarici İşlər Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 347.011,9 manat vəsaiti necə mənimsəməsi barədə danışıb.
Sabiq attaşe bildirib ki, hadisələr 2022-ci ilin may ayında baş verib və qanunsuz hərəkətlərə dərk etmədən yol verib. Qeyd edib ki, qumar onda oyunlarından asılılıq yarandığı üçün belə hərəkətlər edib:
"Əvvəllər Xarici İşlər Nazirliyinin Maliyyə İdarəsində işləmişəm. İcra etdiyim vəzifə ilə əlaqədar Maliyyə İdarəsində hesabatların tərtibi ilə bağlı işlər görmüşəm. 26 fevral 2021-ci ildə Koreya Respublikasına ezam edildim və 1 martda işə başlamışam. Koreya Respublikasındakı səfirliyində maliyyə məsələləri üzrə attaşe vəzifəsində çalışırdım. Maliyyə hesabatlarının tərtib edilib göndərilməsi, ümumi katiblik üzrə sənədlərin qəbul edilməsi və göndərilməsi, kadrlar üzrə və bank işləri mənim səlahiyyətində idi. Əmrlə mənə tapşırılan işlər yalnız maliyyə işləri olub. Digər işlər şifahi göstərişlə tapşırılıb. Səfirlikdə işlədiyim dövrdə səfir Rəmzi Teymurov idi. Onun əmri verildikdən sonra maliyyə və konsul hesabatlarını hazırlamağa başladım. Hesabatları "excel” fayllarda işləyərək, kağızda çıxarıb, Xarici İşlər Nazirliyinə göndərirdim.
Əvvəl səfirliyin pullarını bekarçılıqdan mərc oyunlarına sərf etdim, sonradan məndə aslılıq yarandı və müvafiq hərəkətlərini davam etdirdim. İşdən sonra getməyə heç bir yer yox idi, karantin dövründə tək olduğum üçün mərc oyunları oynamağa başladım. Əvvəl kiçik məbləğlərlə oynayırdım, sonra aslılıq yarandı".
Nəcib Osmanov oynadığı mərc oyunlarının futbol və "forex all” olduğunu bildirib, pulu onlayn formada, əvvəlcə maaşından, sonra isə səfirliyin hesabından ödəyib. O, səfirliyin əsasən kommunal sənədlərinə dəyişiklik edərək, hesabda olan pulları mənimsəyib:
"İşçilərin əmək haqqlarından pul götürmürdüm. Pulları götürməyimdən səfirlikdə heç kəsin xəbəri olmayıb. Poçt bank sənədlərinə kiçik məbləğlər yazmaqla möhür vurub, ardınca bank hesabına mədaxil edirdim. Ümumilikdə 15-20 sənədə imza etdirməklə pul vəsaiti əldə edirdim. Bu hadisələr 2022-ci ilin yanvar ayına qədər davam etdi. Pullar Koreya vonu ilə olub. Səfirliyin dollar və von hesabı var idi. Sentyabr ayına qədər səfirliyin hesabından 15.000-20.000 dollar, oktyabr ayından isə daha böyük məbləğlər götürməyə başladım. Bu pulları öz hesabıma köçürüb, mərc oyunlarına yatırırdım".
Sabiq diplomat qeyd edib ki, hərəkətlərinin qanunsuz olduğunu bilib, lakin qumar oyunlarına aludə olduğundan qeyd edilən hərəkətlərə yol verib: "Mənə qarşı elan edilmiş ittihamla razıyam. Tərəfimdən vurulmuş ziyanla əlaqədar 77.000 dollar ödəmişəm". /qaynarinfo.az