Baş Prokurorluqdan məişət zorakılığı ilə bağlı MÜRACİƏT

Baş Prokurorluq məişət zorakılığı ilə bağlı maarifləndirici məlumat açıqlayıb.

Stopnarkotik.az quruma istinadən xəbər verir ki, məlumatda deyilir:

"Məişət zəminində fiziki zorakılıq dedikdə, bir yerdə yaşadığı ailə üzvü, yaxın qohumu, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxs tərəfindən fiziki təzyiq göstərmə, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozma, döymə, sağlamlığına zərər vurma, işgəncə vermə, azadlıq hüququnu məhdudlaşdırma başa düşülür.

Nəzərə almaq lazımdır ki, məişət zəminində fiziki zorakılıq aktları qəsdən törədilir və bu hərəkətlərə yol verən şəxslərin məqsədi öz qurbanları üzərində güc və nəzarət göstərmək, qorxu aşılamaqdan ibarət olur.

Daha konkret desək, fiziki zorakılıq şəxsi vurmaq, döymək, bədən üzvlərini əzərək (əl, ayaq yaxud müxtəlif predmetlərlə) ağrı vermək, üzərinə hər hansı əşya atmaq, cırmaqlamaq, fiziki ağrı yetirməklə bədən ətraflarını (əl və ya ayağını) burmaq və ya tutub çəkmək, nəfəs yollarını yüngül və ya dərindən bağlayacaq dərəcədə boğmaq, saçını yolmaq və ya möhkəm dartmaq, sürümək, itələmək, dişləmək, otaqda və ya hər hansı bir yerdə qapısı bağlı şəkildə saxlamaqla sərbəst hərəkətinə mane olmaq və digər hərəkətlərdə özünü biruzə verir".