Suraxanı rayonu Zığ qəsəbəsində torpaq sürüşmələrinin müşahidə olunduğu ərazidə son zamanlar problem bir qədər də dərinləşib.
Sürüşmələrin artmasından narahat olan sakinlər həyatlarının təhlükədə olduğunu bildirərək digər binanın sakinləri kimi köçürülmələrini istəyirlər.
Qəsəbə sakini Canpolad Sumbatov İTV-yə açıqlamasında vəziyyəti belə xarakterizə edib: “İşdən evə gəlib evə yenicə ayaq basmışdım ki, güclü səs eşitdim. Düşündüm ki, zəlzələ baş verir. Səs gələn tərəfə çevriləndə gördüm ki, tüstü qalxıb. Üstüm bütün toz-torpaq olub”.
Digər bir qəsəbə sakini Vüsal Sumbatov qəzalı vəziyyətə görə uşaqları evdən çölə buraxmadıqlarını söyləyib: “Buralar bütün uçub dağılır. Ona görə də uşaqları evə salmışıq, şölə buraxmırıq. Gün-güzəranımız yoxdur”.
Zığ qəsəbəsində sürüşmələrin müşahidə olduğu ərazidə son iki gündür, vəziyyət daha da kəskinləşib. Ərazidə yaşayanlar üçün təhlükəli vəziyyət yaranıb. Tək həyət evində yaşayanlar yox, elə bina evlərində yaşayanlar da məsələnin ciddiliyindən xəbərdardırlar.
Bina sakini Elçin Əzimov müvafiq qurumdan gəlib baxış keçirildiyini, lakin onlara bir şey söylənmədiyini deyib: “Gəlib, binaya baxıb, getdilər. Kiməsə nəsə demədilər, heç nə də etmədilər. Bizə dedilər ki, “dayanın, köçməyin”. Lakin digər binaların sakinlərini kirayə köçürdülər”.
Digər bir bina sakini Gülarə Şükürova getməyə yerləri olmadığı üçün binada birtəhər yaşadıqlarını vurğulayıb: “İçəriyə gedirsən, binada hər yer çatlaq-çatlaqdır. Təhlükəli binadır da. Allah saxlayır bizi. Getməyə yerimiz olmadığına görə birtəhər yaşayırıq. Bəzi qurumlar gəlib binaya baxsınlar, məsələylə bağlı ölçü götürsünlər”.
Suraxanı Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı yaxın vaxtlarda ölçü götürüləcəyi bildirilib. Vurğulanıb ki, mütəxisslər tərəfindən sözü gedən evlərə baxış keçirilir, qəzalı evlərin sakinləri müvəqqəti olaraq kirayəyə köçürülür.
İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin baş məsləhətçisi Ramin Salmanlı İTV-yə açıqlamasında məsələ ilə bağlı bunları bildirib:
“Qeyd edilən evlərlə bağlı isə mütəxəssislər tərəfindən baxış keçiriləcək. Əgər orada hər hansı bir təhlükə müşahidə olunarsa, təbii ki, həmin sakinlər də qısa müddətdə kirayəyə çıxarılacaq. Bu günə qədər çoxmənzilli və fərdi yaşayış evlərindən 280-dən yuxarı sakin müvəqqəti olaraq kirayəyə köçürülüb”.
Qurumdan o da deyilib ki, kirayədən sonra köçürülən sakinlərin birdəfəlik məskunlaşması prosesi də təmin olunacaq.