Türkiyənin sosial media fenomeni, Azərbaycan da daxil olmaqla bir çox ölkədə gözəllik salonları şəbəkəsinin rəhbəri Dilan Polat və əri, iş adamı Engin Polat Türkiyə polisi tərəfindən saxlanılıb. Onların əmlakı müsadirə edilib.
Stopnarkotik.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük “çirkli pulları” yumaqda ittiham olunur.
Baş Prokurorluq Engin Polat və Dilan Polat barəsində istintaqa başlayıb. Onlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulmasında, Vergi Prosessual Məcəlləsinin tələblərinin pozulmasında, habelə qumar oyunlarının təşkili və keçirilməsində ittiham olunurlar.
Dilan Polat dəbdəbəli həyat tərzinə və ərindən aldığı bahalı hədiyyələrə görə tez-tez diqqət mərkəzində olub. Xüsusilə, D.Polat həyat yoldaşı, iş ortağı Engin Polatla birlikdə dostlarının və tabeliyində olanların toyuna qatılaraq, özləri ilə bir kisə pul gətirmələri ilə diqqət çəkiblər.
Həmçinin, bir neçə gün əvvəl o, ərinin ad günü üçün 60 min türk lirəsi (təxminən 4320 manat) dəyərində tort sifariş etməklə də medianın diqqətini çəkib. Dilan Polatın qızıl tozlu qəhvə içməsi, eləcə də qızıl sikkələrlə gül buketi bəzəməsi sosial şəbəkələrdə də müzakirə obyektinə çevrilib.
Cütlüyün Bakıdakı gözəllik salonunda ən müasir avadanlıqlardan istifadə edilməklə bahalı kosmetik prosedurlar həyata keçirilir.
Asya ŞÜKÜROVA
Stopnarkotik.az