Dünən gecə baş verən kikboksçu və boksçu məşqçilərin iştirakı ilə törədilmiş cinayət işi ilə bağlı daha bir nəfər saxlanılıb.
Prosport.az-ın xəbərinə görə, kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezident Ramal Aslanov Xətai rayon Polis Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sayt yazır ki, "Lord" ləqəbli Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücumda iştirak edən Elnur Həmidov, Elçin Hüseynov və Elvin Məmmədova sifarişi verən şəxs kimi şübhəli bilinir. Ramal Aslanovla Fuad Zeynalov bir federasiyada işləsə də, uzun müddət aralarında soyuq münasibətlər olub.


*** 14:45
Bəzi saytlar iddia edir ki, zərərçəkmiş şəxs Dövlət Sərhəd Xidmətinin mayoru, kikboksinq müəllimi, Əməkdar məşqçi və Əməkdar İdman ustası Fuad Zeynalov olub. Hadisə Xətai rayon prokurorluğunun yanında yerləşən "Yavan" restoranının yaxınlığında baş verib. O, restorandan çıxarkən sözügedən şəxslər ona hücum edib.

***10:26
Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.
Bununla bağlı DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Elnur Həmidov və Elçin Hüseynov kikboksinqdə məşqçi işləyir. Elvin Məmmədov isə boks müəllimidir.
