Bakıda narkotik iki nəfərin ölümünə səbəb oldu - OTELDƏ ZƏHƏRLƏNƏN VƏZİFƏLİ ŞƏXSLƏRLƏ BAĞLI ŞOK İDDİALAR / YENİLƏNİB

Bakının Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar müvafiq qaydada araşdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.

Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb:"Bununla bağlı bildirik ki, bu cür hallarda rəsmi qurumla dəqiqləşdirilmədən məlumatların yayılması yolverilməzdir".

***15:05

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində qeydə alınıb. Belə ki, iki nəfərin - 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.

***13:51

Səbail rayonu ərazisində yerləşən məşhur oteldə zəhərlənərək sağ qalan iki nəfərin son durumu açıqlanıb. 

Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, iki nəfər (kişi cinsli) zəhərlənmə şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır-stabildir. Lazımi tibbi müdaxilələr davam etdirilir.

***13:39

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib.

Oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, zəhərlənmə qidadan baş verməyib. Başqa bi iddiaya əsasən isə, hadisəyə səbəb psixatrop maddələr olub. Eyni zamanda, zəhərlənərək ölənlərdən birinin Astara Gömrük İdarəsinin əməkdaşı, digərinin isə hərbçi olduğu deyilir.

***12:42

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib.

Stopnarkotik.az Bakupost.az-a istinadən xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Əvvəlcə onların qidadan zəhərləndiyi bildirilib. Amma həkimlər bu zəhərlənmədə şübhəli məqamların olduğu istisna etmir.

Hüquq-mühafizə orqanları tərəfindən təfərrüatı öyrənilən hadisənin imkan qədər gizli saxlanılmağına çalışılır.

Görünür, bu, vəfat edənlərdən birinin atasının yüksək vəzifədə olması ilə bağlıdır.

Bakupost.az -ın əməkdaşı sağ qalan şəxslərin adlarını və fotolarını əldə edə bilib. Həmin şəxslərin birinin adı Nicat, digərinin adı Xəzərdir. Sinif yoldaşı olublar. Nicat Astara Gömrük İdarəsinin əməkdaşıdır. Xəzər isə hərbçidir. Onların vəziyyətinin ağır olduğu bildirilir.