Bakıda işlədiyi mağazada müştəri ilə dalaşaraq ona ağır xəsarətlər yetirməkdə ittiham edilən 1993-cü il təvəllüdlü S.Tahirova hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Tahirov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.
İttihama əsasən, paytaxt sakini M.Qurbanov hadisə günü Yasamal rayonu Ə.Ələkbərov küçəsində yerləşən meyvə-tərəvəz mağazasına gedib. O, satıcıdan qiymətləri soruşduqda deyilən məbləğlərlə razılaşmayaraq endirim edilməsini istəyib. S.Tahirov isə mağazada rəhbər olan qohumunu göstərərək qiyməti onun təyin etdiyini və etirazı varsa, məsələni onunla müzakirə etməyi məsləhət bilib.
Lakin M.Qurbanov təkidlə S.Tahirovla danışıb və münaqişə yaradıb. Münaqişə zəminində satıcı müştəriyə başı ilə zərbə endirib. Nəticədə M.Qurbanov baş beynin yüngül əzilməsi, alın sümüyünün mərkəzi qəlpəli, basılmış kəllə əsası ilə əlaqəli və burun sümüyünün kökündə yerdəyişməyən sınıqları, gözün iç bucağının qançırı xəsarətləri alıb. Məhkəmədə M.Qurbanov onu vuran satıcını bağışlamadığını bildirib və həbsini tələb edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə 31 yaşlı S.Tahirova 6 il 6 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi müddətində polisin nəzarətində olan gənc məhkəmə zalındaca həbs edilib./"qafqazinfo"