Bakıda məşhur restoranda kütləvi zəhərlənmə: 51 NƏFƏR XƏSTƏXANALIQ OLDU - YENİLƏNİB-1

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 aprel saat 22:30 radələrində Xətai rayonunda yerləşən iaşə obyektindən çağırış daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Çağırış yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Müxtəlif saatlarda təcili tibbi yardım briqadaları vasitəsilə zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.

Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.

***09:17

Dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə aprelin 19-u gecə 32 nəfər (23 qadın, 9 kişi) Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. 

Bu barədə KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb.

***08:47

Bakıda toyda kütləvi zəhərlənmə baş verib.

Stopnarkotik.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, general Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.

Mərasim zamanı zəhərlənən 21 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Zəhərlənənlər arasında qonaqlarla yanaşı, toyda çıxış edən müğənnilərin də olduğu qeyd olunur.

İlkin ehtimallara görə, zəhərlənməyə səbəb qida məhsulları olub.

Faktla bağlı araşdırma aparılır.