Bakıda hamının maraqla qarşıladığı "balina" haqda AÇIQLAMA - / YENİLƏNİB, VİDEO

Xəzər dənizinin sahilində görüntülənən və müzakirələrə səbəb olan maket bundan əvvəl 2022-ci ildə Fransanın Bordo şəhərində Qaronna çayının sahilində görüntülənib.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, təbii ölçüdə sahilə düşmüş kaşalot heykəli kəskin ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyıb.

Belçika incəsənət kollektivi "Captain Boomer" tərəfindən hazırlanan qeyri-adi sənət instalyasiyası heyrətamiz reallıqla hazırlanıb. Rəssamlar heyvanın başının xarakterik forması, dərisindəki qırışlar və hətta dişləri də daxil olmaqla anatomik xüsusiyyətlərini dəqiqliklə yaradıblar.

Kaşalotlar dünya okeanında rast gəlinən ən böyük dişli balinalar hesab olunurlar. Möhtəşəm ölçülərinə baxmayaraq, bu əzəmətli məxluqlar su çirklənməsi, gəmilərlə toqquşma, balıqçılıq torlarına dolaşma və digər antropogen amillər səbəbindən nəsli kəsilmək təhlükəsi altındadır.

Onu da qeyd edək ki, "Captain Boomer" daha əvvəl London, Paris və digər şəhərlərdə "sahilə atılmış balinalar" kimi oxşar heykəllər nümayiş etdirib və hər dəfə ictimaiyyət arasında böyük rezonans yaradıb.

***

Bakıda hamının maraqla qarşıladığı balina maketi barədə detallar açıqlandı.

Stopnarkotik.az "Baku TV"-yə istinadən xəbər verir ki, əslində, iki gündür cəmiyyətdə müzakirə olunan bu "canlının" balina maketi olduğu açıqlanıb.

Güman olunur ki, bu maket COP 29 konfransı ərəfəsində xarici turistlərlə yanaşı, yerli sakinlərin diqqətini tədbirin mahiyyətinə cəlb etmək üçün öncədən düşünülmüş "piar kampaniyası" olub. Lakin hələ bu haqda heç bir rəsmi açıqlama verilməyib.