Bakı Apellyasiya Məhkəməsində tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozmada təqsirləndirilən Caniyar Abdalovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxs tərəfindən verilən apellyasiya şikayəti və ona əlavə təmin edilməyib. Dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunub, Suraxanı Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Onun çalışdığı MMC-yə qarşı maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilib. Belə ki, MMC-dən 5000 manat mənəvi zərər, 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsinin xeyrinə tutulub.
İttihama görə, Caniyar Abdalov Bakıda fəaliyyət göstərən MMC-lərin birində çoxmənzilli yaşayış binasında iş icraçısı vəzifəsini yerinə yetirib. O, fəaliyyət göstərdiyi müddətdə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ilə, Mərkəzi küçəsinin kəsişməsində çoxmərtəbəli yaşayış binası inşa olunub. Həmin vaxt - 14 oktyabr 2023-cü il tarixdə zərərçəkmiş F.Ağayev sözügedən yaşayış binasının 7-ci mərtəbəsindən digər binaya keçid etmək istəyərkən iki bina arasında olan 90 sm məsafəli boşluğa 29.1 metr hündürlükdən yıxılaraq ölüb.
Hadisədən sonra Caniyar Abdalov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi./pravda.az