Suraxanıda əri tərəfindən dəfələrlə bıçaqlanan həkim Arzu Balabəyovanın vəziyyəti açıqlanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, mayın 4-ü saat 22:10 radələrində 1973-cü il təvəllüdlü şəxs (qadın cinsli) təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib.
O, qarının ön divarının, döş qəfəsinin sol yarısının ön divarının, sol çiyin nayihəsinin və sağ budun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Qaraciyər, mədə yaralarının və kəsilmiş-deşilmiş yaraların birincili cərrahi işlənməsi və tikilməsi əməliyyatı icra edilib. Xəstənin müalicəsi davam etdirilir, vəziyyəti ağır stabil qiymətləndirilir.
Qeyd edək ki, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb. 1973-cü il təvəllüdlü A. Balabəyova əri ilə mübahisə zamanı bıçaqlanıb. 1970-ci il təvəllüdlü Fikrət Balabəyov ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Hadisədə şübhəli bilinən F. Balabəyov polis tərəfindən saxlanılıb. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən faktla bağlı araşdırma aparılır.
A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.