Bakının Yeni Yasamal ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.
Bu məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis baş leytenantı Rüstəm Əhmədli verib.
O qeyd edib ki, hadisə zamanı avtobusda sürücü olmayıb:
"Avtobus park edilmiş vəziyyətdə olub. Hansısa nasazlıq səbəbindən avtobus hərəkət edib. Hadisə nəticəsində avtobusla birlikdə 19 avtomobilə ciddi ziyan dəyib. Üç nəfər xəsarət alıb. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır".
*** 09:22
"Bakının Yeni Yasamal ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı "Toyota Camry" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb".
Bu məlumatı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti verib.
"Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində zəncirvari yol-nəqliyyat qəzasının baş verməsi səbəbindən avtomobildə yanğın olması barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə zamanı "Toyota Camry" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Həmçinin, yol-nəqliyyat qəzası zamanı avtomobillərdən əraziyə dağılmış yanacaq yuyularaq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır", - deyə məlumatda bildirilir.
*** 09:17
Bakının Yeni Yasamal adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, sürücü anidən idarəetməni itirərək avtobusu hərəkətdə olan və yol kənarında dayanan maşınlara çırpıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində iki avtomobil yanıb və 10-dan çox maşına ciddi ziyan dəyib.
Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub.