Hazırda həbsdə olan Azərbaycanın cüdo, sambo və pankration üzrə yığma komandalarının sabiq üzvü, dəfələrlə Azərbaycan çempionu, 2009-cu ildə cüdo üzrə Dünya Kubokunun, sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı Yasin Həsənov Ali Məhkəməyə kassasiya şikayəti verib.
Şikayətə Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə baxılacaq.
Yasin Həsənov 2018-ci ilin iyulun 3-də Ukrayna paytaxtında yerləşən restoranda əvvəlcədən ədavəti olan Azərbaycan vətəndaşı Davud Ağayevlə rastlaşıb və onu “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirib.
Barəsində Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qətldən sonra Ukraynadan qaçdığına görə barəsində beynəlxalq axtarış elan olunub.
Yasin Həsənov Bakıda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində tutulub.
Qətlin motivi ilə bağlı ifadəsində Yasin Həsənov bildirib ki, Davud Ağayevlə 2013-cü ildən ədavəti olub. Həmin il Davud Ağayev Yasin Həsənova Kiyev şəhərində odlu silahdan atəş açaraq onu yaralayıb. Bundan sonra Yasin Həsənov qan intiqamı almaq niyyətinə düşüb. 5 il intiqam hissi ilə yaşayan Yasin Həsənov Davud Ağayevin gedib-gəldiyi restoranı müəyyənləşdirə bilib və ona odlu silahdan atəş açmaqla qətlə yetirib.
Bakıda ələ keçəndən sonra istintaq orqanı tərəfindən Yasin Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yasin Həsənov 12 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. 2023-cü ilin oktyabrında Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Yasin Həsənov kassasiya şikayəti verməklə barəsində daha humanist qərarın çıxarılmasını istəyir./musavat.com