Azərbaycanda tutulan Tacikistan vətəndaşı Özbəkistana ekstradisiya edildi

Azərbaycanda Tacikistan vətəndaşı saxlanılıb, Özbəkistana ekstradisiyası edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Özbəkistan Respublikasında dələduzluq əməlini törətməkdə təqsirləndirilərək, 2021-ci ildən etibarən həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilmiş, 1979-cu il təvəllüdlü Tacikistan Respublikasının vətəndaşı Saodat Mahmudovanın verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Saodat Mahmudova cari ilin fevral ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.