Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi

“Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanovun 3 il əvvəl bəraət aldığı hökmdən verilmiş protest üzrə məhkəmə istintaqı tamamlanıb.

Stopnarkotik.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda prokuror çıxış edib.

Dövlət ittihamçısı protestini belə əsaslandırıb ki, R.Dilanovun əməlinə görə 2 milyon manata yaxın ziyan dəyib. Amma Bakı Ağır Cinayətlər Məhkəməsi ona bəraət verərək məhkəmə zalından azadlığa buraxıb.

Çıxışda bəraətverici hökmün qanunauyğun olmadığı qeyd edilib. Bu səbəbdən hökmün ləğv edilməsi, ittihamedici qərar çıxarılması xahiş edilib.

Bir neçə il davam edən apellyasiya baxışı bu gün başa çatıb. Həsən Əhmədovun sədrlik etdiyi hakimlər heyəti prokurorun protestini təmin edib.

Qərara əsasən, bəraətverici hökm tamamilə ləğv edilib. Məhkəmə Dilanovu həbsə göndərməyib. Ona sınaq müddəti seçilməklə şərti cəza verilib.

Müdafiə tərəfi qərardan narazı qalıb, kassasiya şikayəti verəcəklərini elan ediblər.

Qeyd edək ki, R.Dilanov barədə 2019-cu ildə cinayət işi başlanıb. O, dövlət büdcəsindən binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatını mənimsəməkdə ittiham edilib. Dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqların təyinatı üzrə istifadə olunmadığı bildirilib.

2021-ci ildə isə R.Dilanov barəsində bəraət hökmü çıxarılıb. Ruslan Dilanova qarşı irəli sürülən ittihamların məhkəmə istintaqı dövründə sübuta yetirilmədiyi elan edilib. Ona qarşı CM-in 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülmüşdü.