Azərbaycanda saatlıq maaşa keçid nəyi dəyişəcək? - AÇIQLAMA

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər.

Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Stopnarkotik.az bildirir ki, iqtisadçı ekspert Xalid Kərimli sözügedən dəyişikliyin təsirlərini "Ölkə.Az"a şərh edib.

O bildirib ki, burada söhbət minimum əməkhaqqının hesablanması qaydasının dəyişdirilməsindən gedir:

"Məsələn, minimum aylıq maaş 345 manat, orta aylıq iş saatı 195 saat olarsa, orta saatlıq maaş 1,77 manat təşkil edəcək. Sözügedən dəyişiklik texniki olaraq minimum əməkhaqqının artmasına gətirməyə bilər. Çünki minimum əməkhaqqı prezidentin fərmanı ilə tənzimlənir və büdcədə nəzərdə tutulur. Ölkə prezidenti inaqurasiya mərasimində hökumətin hazırkı vəziyyətdən narazı olduğunu, minimum əməkhaqqının səviyyəsinin qane etmədiyini bildirmişdi. Lakin məbləğin nə zaman artırılacağını bildirmədi. Yəqin ki, burada artım mümkün olmadığı üçün artırılmır".

Dünya praktikasına gəlincə, ekspert deyir ki, Avropa ölkələrində minimum aylıq əməkhaqqı yoxdur və minimum saatlıq əməkhaqqıdan istifadə olunur: "Minimum saatlıq əməkhaqqına görə minimum aylıq əməkhaqqı hesablanır. Biz də həmin standartlara uyğunlaşdıracağıq".

X. Kərimlinin sözlərinə görə, minimum saatlıq əməkhaqqıya keçidin mənfi cəhəti yoxdur: "İş yeri əsas iş yerləri olan (09.00-18.00 iş saatları olan) şəxslər üçün bunun heç bir fərqi yoxdur. Bəzi işçilər isə aylıq deyil, saat üzrə çalışır. Bu halda minimum saatlıq əməkhaqqının müəyyənləşdirilməsi həmin şəxslərin hüquqlarının qorunması baxımından müsbətdir. Bu həm işəgötürən, həm də işçi üçün rahatlıq yaradır".

"Azərbaycanda minimum aylıq əməkhaqqı çox kiçik olduğundan, bu kimi tədbirlərin ciddi təsirinin olacağını düşünmürəm. Gələcəkdə minimum əməkhaqqı artırılarsa, bu, işçi bazarında münasibətlərin təkmilləşdirilməsinə kömək edəcək", - deyə ekspert əlavə edib.