Son vaxtlar sosial şəbəkə hesablarında bəzi şəxslər investisya tələbi ilə çıxış edirlər.
Stopnarkotik.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu elanlarda sərmayəçilərə cəlbedici təkliflər edilir.
Biri gəlirin 50%-ni ödəməklə 7-8 min manatlıq investisya tələb edir, digəri isə tikinti sektoruna ciddi investor axtarır. Özü də investor kimi minimum 25-30 min manatı olan şəxsin qəbul ediləcəyi bildirilir.
Ancaq, elə bu cür paylaşımların altında aldadıldığını deyən şəxslər də az deyil. Hətta, belə təklifə aldanıb, 17 min manat pul itirdiyini yazanlar da var.
İqtisadçı ekspert Rəşad Həsənov mövzu ilə bağlı bildirib ki, vətəndaşlar diqqətli olmalı, hər şirikləşdirici elanlara aldanmamalıdırlar:
“Əks halda geridönüşü olmayan, ciddi maliyə itkisi ilə üzləşə bilərlər”.
Ekspert qeyd edib ki, bu cür elanlara yatırım etmək istəyənlər bir neçə addım izləməlidir. Onların başlıcası investisyanın nə qədər real olub-olmamasıdır.
Rəşad Həsənov əlavə edib ki, iqtisadi fəaliyyətlərdə və biznes təşəbbüslərində fırıldaqçılıq meylləri hər zaman olub:
“İndi aldadıcı şəbəkələşmiş təşəbbüslər daha peşəkarcasına hazırlanır. İnvestorlar tərəfindən bütün addımların rəsmi qaydada edilməsi gələcəkdə yaranan risqlər zamanı maliyyə itkisinin qarşısını ala bilər”.