Azərbaycanda dələduzluq etmiş vəzifəli şəxsə elektron qolbaq taxıldı

Şirvan şəhərində dələduzluqda ittiham edilərək bu ilin avqust ayında həbs edilmiş keçmiş məmur azadlığa buraxılıb.

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, Şirvan şəhər bələdiyyəsində “Bələdiyyə gəlirləri” şöbəsində vergi müfəttişi vəzifəsində işləmiş 1967-ci il təvəllüdlü Vidadi Məmmədovun torpaq satmaq adı ilə vətəndaşı aldadaraq 5500 manat alması üzə çıxıb. Bildirilib ki, o, dələduzluq əməlini vəzifədə işlədiyi vaxt törədib.

Fakta görə Cinayət Məcəlləsinin 178-ci, yəni dələduzluq maddəsi ilə cinayət işi açılıb və bu ilin 25 avqust tarixində o, həbs edilib.

Bu həftə isə Şirvan şəhər Məhkəməsində yekun hökm elan edilib. Məhkəmənin hökmü ilə Vidadi Məmmədovun 3 ay 24 gün müddətində həbsdə saxlanılması, dəymiş zərəri ödəməsi nəzərə alınaraq o, 1 il 4 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə elektron qolbaq yerləşdirilib.