"Azərbaycanda deyillər, amma rayondan "teleqram" vururlar "- Dələduzluqda təqsirləndirilən 71 yaşlı şəxsin məhkəməsi

Azərbaycanda 35 illik dostunun şikayəti əsasında mühakimə edilən 71 yaşlı Nazim Xudaverdiyevin cinayət işi üzrə məhkəmə keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, ittiham üzrə özünü qəti surətdə təqsirli bilməyib. Deyib ki, dostları ilə birgə iş görüb, sonra onların da əli ilə cinayət məsuliyyətinə cəlb edilib.

Nazim Xudaverdiyevin sözlərinə görə, birinci dəfə bu işlə bağlı Xaçmaz Rayon Prokurorluğuna çağırlıb. Həmin vaxt ona şahid kimi bir neçə sual veriblər. Bildirilib ki, bu məsələdə sənin bir təqsirin yoxdur. Bir müddət sonra prokurorluq cinayət işinin başlanmasını rədd edib:

“Keçmiş dostlarımın kökməkliyi ilə, nəhayət, təqsirləndirilən şəxs oldum. Amma mənim heç bir təqsirim yoxdur. Bu, iş üzrə ifadə verən şahidlərin və zərərçəkmişlərin də ziddiyyətli ifadələrindən aydın olur.”

Nazim Xudaverdiyevin hüquqlarını vəkil Esmira Tağıyeva müdafiə edir. Müvəkkili ifadə verərkən xanım vəkil müxtəlif epizodlar üzrə sübutlarını tək-tək məhkəməyə təqdim edib. Vəkil xüsusilə Xaçmaz Rayon Prokurorluğunun cinayət işinin başlanmasından imtina edilən qərarına diqqət çəkib. Həmin qərarda qeyd olunur ki, şikayət araşdırılıb, tərkib olmadığı üçün cinayət içinin başlanması rədd edilib. Bundan əlavə, cinayət işi üzrə mübahisələndirilən məsələlərə dair qəbzlər, ödəniş sənədləri və ödənişlə bağlı digər sənədlər də hər biri Nazim Xudaverdiyevin təqsirsizliyini bir daha təsdiq edir.

İş üçün əsas məqamlardan biri isə hakim qarşısında dindirilməsi vacib olan şahidlərin yayınmaları və məhkəməyə saxta teleqram ünvanlamaları ilə bağlıdır.

“Şahid Elman Bilalov və Azər Abdullayev dəfələrlə məhkəməyə dəvət olunsalar da, iştirakdan yayınırlar. Hətta onların adından məhkəməyə saxta teleqramlar da vurublar. Bu da məhkəməni yanıltmaq cəhdidir. Həmin şəxslər Azərbaycanda deyillər, amma onların adından Quba və Xaçmaz rayonlarında teleqramları gəlib. Bu, necə ola bilər? Biz dəqiqləşdirmişik ki, onlar bir neçə il əvvəl ölkədən çıxıblar və hələ də geri qayıtmayıblar. Xüsusilə bu məsələyə diqqət çəkilməsini istəyirəm. Məhkəməyə saxta sənəd göndərilməsindən söhbət gedir. Bununla bağlı zərərçəkmiş tərəf də bir münasibət bildirməyib. Belə olan halda həmin sənədin mötəbərliyi böyük şübhə doğurur” - deyə vəkil məhkəmədə çıxışında bildirib.

Prosesin davamında təqsirləndirilən şəxs digər epizodlar üzrə də ətraflı ifadə verib, bu iş üzrə təqsirsizliyini sübut edən məsələlərə toxunub.

Müdafiə tərəfinin sübutlarının təqdimatı bir iclasda yekunlaşmayıb.

Növbəti məhkəmə iclasında təqsirləndirilən şəxsin sual-cavabı və vəkilin əlavə sübutlarının təqdimatı gözlənilir.

Qeyd edək ki, Nazim Xudaverdiyev “Our Orchards” MMC-nin idarə heyətinin sədri olub.

İttihama görə, o, sədri olduğu müddətdə dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə etməklə ona 153 min 500 manatlıq ziyan vurub.

N.Xudaverdiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub./teleqraf.az