Bir neçə gün əvvəl Göygöl rayonunda “Niasitol” adlı dərmandan 3-ü azyaşlı olmaqla 4 nəfər zəhərlənib, onlardan biri - 10 yaşlı uşaq isə vəfat edib. Səhiyyə Nazirliyi isə məsələ ilə bağlı bildirib ki, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrində “Niasitol” adda məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib.
Maraqlıdır, idxalına icazə verilməyən bu dərmanı ölkəyə gətirənləri qanunvericiliklə hansı cəza tədbirləri gözləyir?
Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə İnzibati Xətalar Məcəlləsinə istinad edib. O, sözügedən qanunun 221.1-ci maddəsindən söz açıb:
“Bu qanuna əsasən, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə - inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir”.
Vəkil həmçinin Cinayət Məcəlləsinin 200-1.3-cü maddəsindən də danışıb:
“Bu maddəyə əsasən isə, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 200-1.3-cü maddəsində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Qeyd edək ki, “Niasitol” adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.