Azərbaycan idmançısı Rusiyada keçirilən çempionatın qalibi olub - FOTO

Azərbaycan idmançısı Aydın Əlibəyov atçılığın dresaj növü üzrə  Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Maksima Masters” çempionatında qalib gəlib.

4 gün davam edən yarışlarda 3 atla iştirak edən təmsilçimiz cavan atlar (5 – 7 yaş) arasında keçirilən turda 4 qızıl, böyük atlar arasında keçirilən turda (“Qızıl Tur”)  isə 2 qızıl və 1 bürünc medala sahib olub.

Yekun nəticələrə görə Azərbaycan MDB dövlətləri arasında “Maksima Masters” çempionatı tarixində cavan atlar arasında keçirilən yarışlar üzrə ən yüksək qiymətə layiq görülən ilk ölkə, A. Əlibəyov isə ilk idmançı olub.

Komandanın mütəmadi olaraq Almaniyada təlim məşq toplanışlarına qatılan, Avropanın ən mötəbər turnirlərində ölkəmizi layiqincə təmsil edən digər üzvü Aqata Zəhrabəyova isə Almaniyanın Troisdorf şəhərində ponilər arasında keçirilən beynəlxalq yarışda iştirak edərək yüksək nəticə göstərib və 69.7 % balla ikinci yerin sahibi olub.

Ölkəmizdə atçılığın dresaj növü üzrə ilk milli komanda Azərbaycan Atçılıq Federasiyasının dəstəyi və təşəbbüsü ilə 2023-cü ildə yaranıb. 

Milli komandamızın əsas məqsədi 2028-ci ildə ABŞ-nin Los-Angeles ştatında keçirilməsi gözlənilən Yay Olimpiya Oyunlarına vəsiqə qazanaraq ölkəmizi layiqincə təmsil etməkdir.