Bakıda 13 iyul 2023-cü il tarixdə, gecə saat 04.00 radələrində "İnferno" gecə klubunda mühafizəçini bıçaqlayan şəxsə hökm oxunub.
Stopnarkotik.az qaynarinfo-ya istinadən xəbər verir ki, məlumatına görə, 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş Elvin Abbasov (ad-soyad şərti) Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələrilə təqsirli bilinib və 2 il 1 ay 5 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Təqsirlndirilən şəxslə zərərçəkmiş mühafizəçi arasında mübahisə "İnferno" gecə klubuna daxil olmaq üstündə baş verib. Belə ki, Cavid Əsgərov (ad-soyad şərti) Xəqani küçəsində yerləşən "İnferno" gecə klubunda alətlə Elvin Abbasovun üzərini yoxlayacağını bildirib. Lakin o, üzərini yoxlamağa icazə verməyib və içəri girmək istədiyini deyib. Mühafizəçi onun üzərini mütləq şəkildə yoxlamalı olduğunu, əks halda içəri buraxmayacağını bildirib.
Elvin Abbasov əsəbləşərək, nalayiq ifadələr işlədib və üzərində gəzdirdiyi bıçağı çıxardaraq mühafizəçiyə göstərib, onu qorxutmaq istəyib. Mühafizəçi əlindən bıçağı almaq istəyərkən Elvin Abbasov onun qol altı nahiyəsindən vurub. Daha sonra bıçağı onun ayağına vururaraq, hadisə yerindən qaçıb.
Aparılan araşdırma zamanı o da məlum olub ki, bundan əvvəl təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il müddətinə azadlığın məhdududlaşdırılması cəzasına məhkum edilibmiş.
Qeyd edək ki, "İnferno" gecə klubu Azərbaycan Yazıçılar Birliyinin alt mərtəbəsində yerləşir.