Avtomobil gətirmək adı ilə 200 min manatı ələ keçirən mütəşəkkil dəstənin cinayət işi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq  etmə) maddəsi ilə ilə təqsirləndirilən 3 nəfər- Əlizamin Ağayev, Əli Vəliyev və Fərid Piriyevin növbəti məhkəmə prosesi keçirilib.

Stopnarkotik.az "Unikal"a istinadən xəbər verir ki, ilk olaraq cinayət işində zərərçəkən şəxs kimi tanınan Zahir Nuraliyev ifadə verərək qeyd edib ki, "hər üç təqsirləndirilən şəxsi tanıyıram, dəymiş ziyan ödənilib, yeganə Əli Vəliyevdən 5 min manat pulumu tələb edirəm. Həmin pulu avtomobilin dövlət qeydiyyat nömrəsi almaq üçün vermişdim, ancaq nömrəni almadı".

Zərərçəkən Vəliyeva Aynur Sakit qızı ona dəymiş 15800 manat ziyanın Əlizamin Ağayevin atası tərəfindən ödənildiyi barədə məhkəmə də ifadə verib. 

Sonra Əli Vəliyev və Əlizamin Ağayev barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəkilləri vəsatət verib. Vəkil Araz Bağırov hakimdən Əli Vəliyevin səhhətini nəzərə almağı xahiş edib.  

Məhkəmə müşavirəyə gedib gəldikdən sonra Əli Vəliyev barədə vəsatəti təmin etməyib. 

Digər Əlizamin Ağayev barədə vəsatəti də sənədlərin tədqiq olunmasını əsas gətirərək təmin etməyib. 

Xatırladaq ki, cinayət işində 4 nəfər zərərçəkmişə dəymiş ziyanın ümumi miqdarı 200 min manatdan çox olub. Təqsirləndirilən şəxslər zərərçəkənlərdən avtomobil gətirmək adı ilə pul alıblar. 

Məhkəmə prosesi  27 sentyabr tarixinə kimi təxirə salınıb.