Xəstəxananın həyətinə xeyli adam toplaşmışdı. Qadınlar bir tərəfdə, kişilər başqa bir tərəfdə öz aralarında asta-asta xəstəxananın reanimasiya palatasında yatan xəstədən danışırdılar. Qadınlardan biri, deyəsən xəstənin anası idi, ortalığa “yazıq oğlum nə gün gördü ki?” deyə süni şəkildə ağlamısındı. Onun artistlik etdiyini, oğlunun halına ürəkdən yanmadığını təcrübəsiz insanlar belə, asanlıqla sezərdi.
Bəzənib-düzənmiş, ətrafdakılara naz satmaqla məşğul olan qız, deyəsən bacısı idi, sanki anasına həm cavab, həm təskinlik, həm də özlərinə bəraət qazandırmaq kimi “gunah özündədir, az içərdi”, deyə mızıldandı.
Digər bir cavan qadın sakitcə başını aşağı salıb, dərin xəyallara getmişdi. Üzündə dərin bir peşmançılıq hissi vardı. Sanki bu günədək etdklərinin yanlış olduğunu indi anlamışdı. Amma artıq çox gec idi. Sonrakı peşmançılıq heç vaxt fayda vermir. Bu qadın, deyəsən, xəstənin həyat yoldaşı idi. Yanında 7-10 yaşlarında iki oğlan uşağı dayanmadan göz yaşı axıdırdılar. Hamının başı söhbətə qarışdığından onlara təsəlli vermək heç kəsin yadına düşmürdü.
Digər yaxın-uzaq qohumlar da xəstədən daha çox onun ana-bacısının əziyyət çəkərək xəstəxanaya gəlmələrindən narahat olduqlarını ehyam vururdular.
Kişilərin qrupunda da buna uyğun söhbət gedirdi. Eynəkli, bahalı brend kostyum geyinmiş, gözündə optik eynək olan və kənardan da çox təkəbbürlü biri olduğu görünən, orta yaşlı birisi, deyəsən xəstənin böyük qardaşı idi, soyuqqanlılıqla “həyatı yanlış yaşamağın axırı budur” deyərək, sanki caniyə ədalətli cəza verməsi ilə fəxr edən bir hakim ədası ilə başını bir az da dik tutub, ətrafındakıların başı üzərindən uzaqlara baxırdı. Digərləri bunun hər sözünə “bəli, bəli, tamamilə düzdür“ deməklə, sanki onun rəğbətini qazanmaqda yarışırdı.
Bir başqası, deyəsən xəstənin yaxın dostu idi, asta-asta “heyif, çox yaxşı bir oğlan idi” dedi və ətrafındakılara baxıb, sanki özünə tərəfdar axtarırmış kimi onun dediklərini təsdiq edəcək bir nəfərin olmasına ümid etdi. Amma nahaq, heç kəs onun fikrini bölüşmədi.
Deyəsən qonşuları olan basqa birisi, “Yaxşı oğlan narkotik qəbul etməz, içki düşkünü olmaz”, deyərək, xəstənin dostunu susdurdu və bu azmış kimi, şübhəli gözlərlə baxıb, onu da töhmət altında buraxdı. Sanki, “sən də onlardansan”, deyə hökm verdi. Xəstənin dostu qorxudan dərhal susdu və qələbəlikdən bir-iki addım aralandı...
Digərləri, xəstənin uzaqdan-yaxından qohumu olanlar isə səssizcə yuxarıdan gələn xəbəri səbrsizliklə gözlədiklərini ifadə edən bir vəziyyət almışdılar. Üzlərindən hiss olunurdu ki, əslində xəstəyə görə yox, xəstənin kifayət qədər varlı və vəzifəli qardaşına görə oraya gəlmişdilər. Yaxın qohumlarından biri ürəyində, “bu da nə ölən kimi ölür, nə də dirlən kimi dirilir” fikrini tez-tez təkrarlayırdı. Hər dəfə yuxarıdan, xəstənin yanından bir xəbər gətirən həyətə çıxan kimi dərhal onun ətrafına toplaşır, xəstənin vəziyyəti ilə bağlı sorğu-sual edirdilər. Əslində, onları xəstənin nə vaxt öləcəyi maraqlandırırdı. Xəstə yaşadıqca onlar “qızıl kimi vaxtlarını” boş keçirmələrindən narahat idilər… Məsələn, ticarətçi olan yaxın qohumlardan biri “gör nə qədər qazancdan qaldım” deyə, beynində ziyanını hesablayırdı. Başqa birisi məşuqəsi ilə görüşməyə tələsdiyindən, sanki xəstə ilə danışırmış kimi ürəyində, “əşi, ölursən öl, bizim də canımız qurtarsın, bütün işlərimi korlayırsan”, - deyirdi.
Xəstənin bir neçə saatdan artıq yaşamayacağı xəbərini eşidib, tələm-tələsik özlərini qohumcanlı, canıyanan kimi göstərmək məqsədi ilə xəstəxanaya gələnlər onun hələ də yaşadığı xəbərini eşitdikcə, ürəklərində o söyüş qalmırdı ki, xəstənin unvanına söyməsinlər. Sanki qohumları onun ölməsi yaşamasından daha çox maraqlandırırdı. Hətta bəzi yaxın qohumlar bu adamın bu dünyada olduğundan elə bu gün xəbər tutmuşdu. Yəni xəstənin ölməsi, ya qalması yaxınlarını maraqlandırmırdı. Onları ancaq yas mərasiminin xərcləri, yasa başsağlığına gələn insanların dairəsi, veriləcək ehsanın menyusu daha çox düşündürürdü.
Hava buludlu idi, arabir çiskin yağış yağırdı. Elə bil buludlar yaxınları tərəfindən tərk edilmiş ömrünün çiçəklənən vaxtı bu dünya ilə vidalaşan gəncin halına yanır və onun üçün göz yaşı axıdırdı. Qohumlardan bəziləri yarım saat gözləyəndən sonra “deyəsən, bu teziklə ölməyəcək”, - deyərək, hərəsi bir bəhanə ilə dağılışmağa başlamışdı. Bəziləri xəstənin böyük qardaşına yaltaqlıq edərək, zorla orada dayanmışdı. Amma ürəklərində ağır vəziyyətdə olan xəstəni hər cür söyüşlərə qonaq edirdilər. Bəziləri hətta gəncin ölmünü gözləmədən, onun gorunu söyməyə başlamışdı.
Camaatdan bir qədər aralı nimdaş paltarda arıq bir oğlan əllərini qoynuna qoyub, günahkar adamlar kimi başını aşağı salaraq, dərin fikirlərə qərq olmuşdu. Üzündən görünürdü ki, yuxarıda xəstə yatan adamla çox yaxın əlaqələri var. Əlində olsa onunla ölər, ya da onun yaşaması üçün hansı orqanı lazımdırsa, təmənnasız verərdi. Düzdür, kasıb bir oğlan idi, pulu yox idi, amma dağ kimi urəyi, damarlarında qanı, sağlam orqanları var idi. Bunlar da çox baha qiyməti olan şeylərdir.
Nəhayət, həmin oğlan heç kəsin xəbəri olmadan müalicə həkiminin yanına qalxdı. “Həkim, mənim yaxın dostumdur, o, çox gözəl bir insandır. Onun yaşaması üçün nə lazımdırsa, mən hazıram. Hətta onun əvəzinə olməyə belə razıyam”, - dedi və özünü ağlamaqdan saxlaya bilmədi.
Həkim bu gəncin nə qədər səmimi olduğunu öz təcrübəsindən bilirdi. Həm də onu təəəcüb götürmüşdü: “Necə ola bilər ki, yad biri bu qədər canıyananlıq etsin, xəstənin yaşaması naminə hətta öz sağlamlığından imtina etsin, amma xəstənin yaxın qohumları ancaq onun nə vaxt öləcəyilə maraqlansınlar, qətiyyən xəstənin yaşaması qayğısına qalmasınlar”.
Xəstə 30-35 yaşlarında idi. Həddən artıq arıqlamışdı, qabırğaları sayılırdı. Rəngi sapsarı idi. Qarnına su yığılmışdı, çətinliklə nəfəs alırdı. Huşu alaqaranlıq idi. Həkimlər xəstənin həkimə geç müraciət etdiyindən qara ciyər və böyrəklərin öz funksiyalarını itirdiyini deyirdilər. Xəstənin bu vəziyyətə düşməsinin səbəbi ağır vərəm və şəkər xəstəliyi ilə yanaşı, narkomaniya və alkoqolizmə qurşanması olmuşdu.
Əslində, alkoqolizm və narkomaniya sosial bir xəstəlikdir. Yəni cəmiyyət həyatında həyatını düz qurmayanların və ya sosial maneələri dəf etmək gücündə olmayanların düşdüyü bir bataqlıq idi. Xüsusən ailə və dövlət vaxtında belə vəziyyətdə olanlara yardım əli uzatmayanda, demək olar ki, hamı üçün son eyni olur: şəxsiyyətin deqradasiyası və orqanik pozğunluqlar. Görünür, bu xəstənin də həyatı hamar olmamış, erkən yaşlarından həyat ona yanlız sərt üzünü göstərmiş, bu zaman kimsə ona kömək əli uzatmamışdı. Belə adamlar dəryada fırtınaya düşmüş qayığa bənzəyir. Onların sağ qalması yalnız bir möcüzə ola bilərdi.
Xəstə huşsuz vəziyyətdə küçədə təsadüfən aşkar edilib xəstəxanaya gətirildiyindən, onun keçmişi ilə bağlı ailə üzvləri heç bir kəlmə söz açmadığından, bu azmış kimi, xəstənin keçmişi ilə bağlı həkimin verdiyi suallara aqressiv münasibət göstərdiklərindən, həkim xəstə haqqında heç bir ciddi məlumata malik deyildi. İndi onun yaxın bir dostu, xəstə üçün həyatını qurban verməyə hazır olan biri həkimin əlinə göydəndüşmə oldu. Gəncin qolundan tutub otağına apardı. Kabinetində termosdan çay süzüb birini gəncin qabağına, birini də öz stolunün ustünə qoydu. Tərəddüdlə, “sən xəstənin keçmişi haqqında nəsə bilirsən, onun müalicə olunması həm də onun haqqında dəqiq bilgilərin olmasını tələb edir”, - dedi. Xəstənin dostu bir neçə dəqiqəliyə susdu, gözlərindən keçmişə, o xoşbəxt günlərə getdiyi aydın görünürdü. Hətta bayaqdan kədərdən hər dəqiqə göz yaşı axıdan gəncin üzündə bir xoş təbəssüm göründü. Görünür, yadına olduqca xoş xatirələr düşmüşdü. Həkim oglana, “istəsən heç nə deməyə də bilərsən, heç ailə üzvləri də xəstə ilə bağlı heç bir məlumat vermədilər”, - dedi. Cavan oğlan tez cavab verdi: “Yox, yox, əgər dediklərim bir saat da olsa dostumun ömrünü uzatmağa səbəb olacaqsa, saatlarla onun haqqında danışaram”. Həkim, “onda buyur, səni dinləyirəm“, - deyərək kreslosunda yerini rahatladı və maraqlı bir hekayə eşidəcəyinə əminlik ifadə edən bir görkəm aldı…
(Ardı var)
AZAD