Anasını öldürməyə görə tutulan yeniyetmənin məhkəməsi başlayır

Sumqayıtda anasını öldürməkdə şübhəli bilinən yeniyetmənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Istintaq orqanı tərəfindən Ə.Z.-nin cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə bu ilin avqustun 21-i Sumqayıt şəhəri Corat qəsəbəsində baş verib. 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xasarət alması faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb.

Polis əməkdaşları tərəfindən anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci təvəllüdlü Ə.Z (şərti ad) saxlanılaraq istintaqa təhvil verilib.