Krımin işğalından sonra illər ərzində Almaniyanın ARD televiziya kanalı və onun törəmə yayım şirkəti NDR Kremldən pul alan bir jurnalistin Rusiya haqqında süjetlərini yayımlayıb.
Qərb mediasında yenicə dərc edilmiş araşdırmaya görə, tanınmış alman televiziya jurnalisti Hubert Seipel Putin haqqında kitablar üçün Moskvadan yüz minlərlə avro əldə edib.
“Beləliklə, Seipel Qərbdə Kreml tərəfindən gizli maliyyələşdirildiyi sənədləşdirilmiş ilk jurnalist oldu”, - araşdırmada bildirilir.
Qeyd olunur ki, Seipel Rusiya üzrə biliklərinə görə Almaniyada çox məşhur olub, ekspert kimi tok-şoulara qatılıb, hətta çoxsaylı mükafatlar alıb. O, Putini tez-tez Almaniya televiziyasında nümayiş edirən və onun haqqında müsbət ictimai rəyi formalaşdıran şəxsdir.
Alman televiziyası Kiprlə bağlı məxfi araşdırma zamanı orataya sensasiyalı faktlar qoyub. Qeyd olunur ki, Kiprdə baş vermiş maliyyə fırıldaqlarını üzə çıxarmaq üçün çoxsaylı sənədlər təhlil edilib. Araşdırmada 69 KİV-dən 270-dən çox jurnalist, o cümlədən Amerikadan “Washington Post”, Britaniyanın “Guardian”, Fransanın “Le Monde”, Avstriyanın “Austrian Standard”, “ORF” və İsveçrənin “Tamedia” nəşriyyatı iştirak edib.
Araşdırmanın nəticəsi çərşənbə axşamı ZDF kanalının “Frontal” proqramında yayımlanıb. Qeyd edək ki, ARD yayım şirkəti Almaniyanın ictimai xidmət televiziyasının bir hissəsidir, vətəndaşların abunə haqları hesabına maliyyələşir və onlara obyektiv, müstəqil məlumatlarla təmin etmək üçün nəzərdə tutulub. NDR (şImali alman yayımları) yayım şirkəti ARD-nin törəmə şirkətidir, indiyə qədər Almaniyada azada medianın qalalarından biri hesab edlib.
Araşdırmada göstərilib ki, Seipel Vladimir Putinə yaxın şəxs olan milyarder Aleksey Mordaşova məxsus olan Avropa şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb. Mordaşov rusiyanın ən böyük sahibkarlarından biri, oliqarx, “Severstal” şirkətinin baş direktoru kimi tanınır.
Araşdırmada bildirilir ki, formal olaraq Seipelin aldığı pul "Rusiya Federasiyasındakı siyasi atmosfer haqqında" kitab yazmaq üçün istifadə edilməli idi. Orijinalda kitab yazılması üçün imzalanan müqavilə sponsorluq sənədi adlanır. Sənədlərdə deyilir ki, Seipel 600 min avro almalı idi. Müəllif, əlbəttə ki, dünya ədəbiyyatının tanınmış ulduzu olmasa, Almaniyada kitab yazmaq üçün bu qədər ödənişlər nadir hal sayılır. Kitab Britaniyanın Virgin Adalarında ofşor şirkət kimi tanınan “De Vere Worldwide Corporation” tərəfindən maliyyələşdirilib. Sənədlər şirkətin Mordaşova məxsus olduğunu təsdiqləyir.
Araşdırmada bildirilir ki, 2018-ci ilin mart ayında bağlanmış müqavilədə benefisiarın öhdəlikləri aydın şəkildə göstərilib. Xüsusilə orada qeyd olunur: “Müəllif Rusiya Federasiyasındakı siyasi vəziyyət haqqında 2019-cu ildə nəşr edilməli olan kitab yazacaq”.
Daha sonra vurğulanır ki, sponsor layihənin inkişafına dəstək olmaq istəyir.
Layihədə müəllifin dəstəyi ilə geniş ictimaiyyətə Rusiyanın “siyasi və tarixi inkişafı” haqqında məlumat vermək nəzərdə tutulur. Bundan əlavə, müqavilə müəllifin Rusiyada araşdırma aparması zamanı ona təşkilati dəstəyə zəmanət verir.
Araşdırmada daha sonra bildirilir ki, Seipel 2018-ci ildən əvvəl də bir neçə müqavilə imzalayıb. Sənədlərdə analoji müqavilənin 2013-cü ildə də bağlandığı qeyd olunur. Nəticə özünü çox gözlətməyib: 2015-ci ildə məşhur Hamburq nəşriyyatı “Hoffmann und Campe” Seipelin “Putin. Gücün daxili baxışı” adlı ilk kitabını nəşr edib. 2021-ci ildə həmin nəşriyyat "Putinin gücü. Avropanın Rusiyaya niyə ehtiyacı var" kitabını da yayınlayıb.
Nəşriyyat evi və yayım şirkəti jurnalistlərin sorğusuna cavab olaraq, Seipelin Rusiyadan maliyyələşməsindən xəbərsiz olduqlarını və məsələni araşdıracaqlarını bildirib. ARD telekanalı və Rusiya hakimiyyəti, o cümlədən Aleksey Mordaşev və Prezident Putinin mətbuat xidməti şərh verməkdən imtina edib. Naşir “Hoffmann und Campe” də ZDF və “Spiegel”ə bildirib ki, Kremlin sözügedən kitabları maliyyələşdirməsi barədə heç nə bilmir.
Hubert Seipel özü qalmaqala necə reaksiya verib?
ZDF kanalına açıqlamasında o, Mordaşov vasitəsilə dəstək aldığını təsdiqləyib. Lakin onun sözlərinə görə, iş adamı kitabların məzmununa heç bir təsir göstərməyib. Alman mediasına verdiyi təfərrüatlı izahatda Seipel qəti şəkildə bildirib ki, Mordaşevin firmasının kitabı maliyyələşdirməsinin onun neytrallığına hər hansı təsiri olmayıb.
Müqavilədə də vurğulanır ki, müəllif “kitab layihəsi və ya onun icrası ilə bağlı sponsor qarşısında nə məzmun, nə kompozisiya, nə də başqa öhdəliyi yoxdur”.
Son 15 il ərzində Seipel ZDF televiziya kanalı ilə də əməkdaşlıq edib. Onun 2012-ci ildə bu kanalda yayımlanan “Mən və Putin” sənədli filmi xüsusilə məşhur olub. Orada Seipel Putini öz ölkəsinə yorulmadan qayğı göstərən prezident kimi təqdim olunur. Milyonlarla alman Rusiyaya və Putinə Seipelin gözü ilə baxıb...
Aşkar edilmiş faktlar alman telejurnalistinin 15 ildən artıq müddətdə bütün fəaliyyətini sual altına qoyur.Təsadüfi deyil ki, bu dövr Rusiyanın Ukraynaya qarşı müharibəsinin bütün dövrünü, o cümlədən 2022-ci ildə başlayan genişmiqyaslı təcavüzü əhatə edir. Yeri gəlmişkən, məhz bu dövrdə Seipel Moskvada Edvard Snoudendən aldığı müsahibəyə görə Almaniya Televiziya Mükafatını alıb.
Araşdırmada o da qeyd olunur ki, alman ekspertləri və jurnalist həmkarları dəfələrlə Seipelin Kremlə və Putinə qarşı tənqidi münasibətini qeyd ediblər. Bununla belə, heç kim ağlına belə gətirə bilməzdi ki, jurnalistin bütün fəaliyyəti Putinə minnətdarlıq hissləri alıtnda keçir və Almaniyada yaxşı imicini yaratdığına görə Putin ona kifayət qədər səxavətlə pul ödəyib./azpolitika.info