Nərimanov Rayon Məhkəməsinə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisləri Akif Çovdarovla Akif Əliyevə qarşı iddia daxil olub.
İşə hakim Aytən Novruzovanın sədrliyi ilə baxılacaq.
İddiaçı “Akhmed Fruit Company” şirkətinin sahibi, iş adamı Aydın Musayevdir.
Qaynarinfo-nun məlumatına görə, iş adamının iddia tələbi maddi ziyanın ödənilməsi ilə bağlıdır. İddiaya görə, Aydın Musayev əsasən Rusiyada fəaliyyət göstərir. O, 2015-ci ildə MTN əməkdaşları tərəfindən saxlanılıb. Akif Çovdarov və digərlərinin cinayət işinin məhkəmə istintaqı zamanı Aydın Musayevin verdiyi ifadədən məlum olur ki, o, saxlanılandan sonra Akif Əliyevin yanına gətirilib.
Akif Əliyev onu həbslə hədələyib. Daha sonra isə məlum olur ki, Aydın Musayevin saxlanılması əslində ondan pul qopartmaq üçündür. İş adamından əvvəlcə 500 min manat tələb edilib. Lakin Aydın Musayev bu məbləği verə bilməyəcəyini deyib. Bundan sonra ondan 150 min manat alınıb. Bildirilib ki, əlavə olaraq da 150 min manat ödəyəndən sonra tam sərbəst ola bilər. Aydın Musayev bu pulu da ödəyib. Bir neçə gün sonra MTN-də əməliyyat keçirilib. İş adamı bundan xəbər tutan kimi Akif Əliyevlə əlaqə saxlayıb və pullarını geri istəyib. MTN-nin sabiq əməkdaşı isə ona yalnız 75 min manat qaytarıb.
Əldə etdiyimiz məlumata görə, Aydın Musayevin iddia tələbi yerdə qalan məbləğin qaytarılması ilə bağlıdır. Akif Çovdarov MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Akif Əliyev də MTN-nin idarə rəisi olub. Hər iki şəxs 2015-ci ildə “MTN işi” ilə bağlı məhkumluq həyatı yaşayıb.
Qeyd edək ki, Akif Çovdarov və digərləri 2015-ci ildə həbs olunub.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş kapitan Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub. Ali Məhkəmədə Akif Əliyevin 5 il azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib. Akif Əliyev məhkəmədə ittihamları təsdiq etməsi ilə yaddaşlarda qalıb./musavat.com