“Ağ ölüm”lə gəncliyimizi məhv etməyə çalışanlar… - VƏ YAXUD ÖLKƏMİZDƏ “TOXUNULMAZ” NARKOBARONLAR KİMLƏRDİR?

Narkotik ticarəti qarşısıalınmaz qüdrətə malikdir. İndiyədək hansısa ölkədə bu problemin qarşısının alınması faktı qeydə alınmayıb. Narkotik ticarəti nəhəng biznes sahəsinə çevrildiyindən, onun tamamilə tərksilah edilməsinə ümid etmək də sadəlövhlük olar. Çünki biznesin uğuru onun bazara çıxardığı malın alıcı kütləsindən, yəni təlabatdan asılıdır. Xüsusilə də satılan mal alıcısına qondarma “xoşbəxtlik” illyuziyası vəd edən narkotik olursa.       

Bir neçə gün əvvəl Stopnarkotik.az saytında dərc olunan müsahibələrdən birində vurğulanır: “…Biznes sistemi çox güclü işləyir, əlaqələr böyükdür, gizli yollarla yayılır. Təəssüf ki, bəzən cəmiyyətlərdə bunun qarşısını almalı olan təşkilatlar onun yayılması üçün də şərait yaradır. Çünki onlar da həmin sistemə qulluq etmiş olur, həmin qurumdan qazanc götürürlər. Bununla da narkomaniyanın geniş yayılması üçün şərait yaradırlar”.

Bu sözlər, əslində, narkoticarətin qarşısının alınmasının niyə mümkün olmadığının tam etirafıdır. Burada bəzi nüanslar da diqqəti cəlb edir. Narkotik ticarəti ilə həbs olunan şəxslərin demək olar ki, hamısı maksimum bir neçə kiloqram narkotik vasitə ilə ələ keçənlərdir. Yəni onların əsas ortaq cəhəti bir neçə klioqram narkotiki satmalarıdır. Onlar narkotik satıcısı, eyni zamanda narkokuryer kimi fəaliyyət göstərir, bu “mal”ın paylanması və bazarda alıcısına çatdırılmasını həyata keçirirlər. Amma bazarda satışa çıxarılan narkotikin bu satıcıların əlinə necə gəlib çatması, “topdansatış bazası”nın harada olması üstüörtülü qalır.

Bazarda realizasiya olunan narkotikin az partiyalarla satıcı, yaxud kuryerlərin əlində tutulması diqqəti onlara yönəldir. İri narkotik partiyası isə kölgədə qalır. Təbii ki, iri narkotik partiyasının ölkəyə necə gəlməsi və onu gətirən güclər də. Həmçinin, onların izinə düşmək də alınmır. Belə anlaşılır ki, kiçik partiyaların müsadirəsi narkoticarət zəncirinin iri halqalarını görünməz etmək üçündür.

Bu məsələnin üzərinə bir daha qayıdırıq ki, kiçik narkosatıcıların hamısı birağızdan narkotiki “naməlum iranlı şəxslərdən” aldıqlarını təkrar edirlər. Əlbəttə, narkotik bazarında iranlıların “payı” danılmazdır. Amma, necə deyərlər, “adın çıxınca, canın çıxsın” prinsipi ilə ölkəmizdə narkotik baronlarının hamısı “iranlı” olur, heç kim “sapı özümüzdən olan baltalar”dan söhbət açmır. Halbuki, problemin həlli üçün ilk növbədə narkotiki ölkəyə gətirən “monopolist güc”ün aşkara çıxarılması və hüquq çərçivəsində cəzalandırılması lazımdır. Lakin bu şəbəkəni son nəfərinədək qandallamalı olan qurumlar bu məsələdə sanki acizlik, yetkisizlik nümayiş etdirirlər.

Bununla belə, ümid edirik ki, ölkə başçısının iradəsi çərçivəsində aparılan narkotik ticarətinə və narkomaniyaya qarşı mübarizə tezliklə öz nəticəsini verəcək və bu gün özlərini “toxunulmaz” hesab edən narkobaronlar və onları himayə edən vəzifəli şəxslər “ağ ölüm”lə yeniyetmə və gəncliyimizi məhv etməyə çalışdıqları üçün qanun qarşısında cavab verəcəklər.

Asya ŞÜKÜROVA

Stopnarkotik.az