“Vaşinqton iki ölkənin rəhbərliyini təşviq etməkdə davam edir və hamının hüquqlarına hörmət edildiyi güclü və davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında danışıqları asanlaşdırmağa hazırdır”.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə bildirib.
Millerin sözlərinə görə, Ermənistan və Azərbaycanın birbaşa müzakirələrə başlaması və regionun maraqlarına uyğun məsələləri həll etməsi vacibdir və ABŞ bu danışıqlara yardımçı rolunu öz üzərinə götürməyə hazırdır.
“Biz gördük ki, digər ölkələr də bu danışıqlarda yardım təklif edir. Biz hesab edirik ki, uzunmüddətli razılaşma əldə etmək üçün iki ölkənin üzbəüz danışıqlar aparması vacibdir”, - Miller əlavə edib.
Qeyd edək ki, Millerin bu açıqlaması bir neçə gün əvvəl ABŞ Dövlət katibinin köməkçisi Ceyms O”Braynın Senatın Xarici Əlaqələr Komitəsində səsləndirdiyi bəyanata uyğun gəlmir. O, Vaşinqtonun Azərbaycanla yüksək səviyyəli əlaqələri dayandırdığını bəyan edib, 907-ci düzəlişlə bağlı məhdudiyyətlərin qaldırılmadığını, habelə 19 sentyabrda Qarabağda keçirilən antiterror əməliyatı ilə bağlı araşdırma komissiyasının yaradıldığını bildirib. ABŞ rəsmisi dəlil-sübut gətirmədən Azərbayanın guya Ermənistana qarşı təcavüzə hazırlaşdığını da iddia edərək, bu halda Vaşinqtonun kifayət qədər sərt cavab verəcəyini deyib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə bu bəyanata cavab olaraq ABŞ-la yüksək səviyyəli əlaqələri dayandırdığını bildirib və noyabrın 20-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda nəzərdə tutulan görüşündə iştirakını ləğv edib.
Maraqlıdır, ABŞ-ın mövqeyindəki növbəti dəyişiklik nə ilə bağlı ola bilər?
Eskpertlərə görə, BMT Ədalət Məhkəməsinin Ermənistanın irəli sürdüyü 10 iddiadan 7-sini ləğv etməsi, Azərbaycanın Qarabağ üzərində süverenliyini təsdiqləməsi Birləşmiş Ştatları Bakıya qarşı əsassız sərt siyasətini dəyişməyə vadar edə bilər.
Qeyd edək ki, Azərbaycan XİN sülh danışıqlarının Vaşinqtonda davam etdirilməsindən imtina etsə də, Brüsseldə prosesin davam etdirilməsində maraqlı olduğunu bildirib.
Dünən Bakıda İraqlı həmkarını qəbul edən Prezident İlham Əliyev də bəyan edib ki, Azərbayanın heç bir ölkənin torpağında gözü yoxdur, o heç bir müharibəyə hazırlaşmır. Dövlət başçısı Azərbayanın sağlam və tarixi ədalətə əsaslanan sülhə hazır olduğunu bildirib./azpolitika.info