ABŞ-da narkotik kartelləri terror təşkilatları kimi tanına bilər – SENATA QANUN LAYİHƏSİ TƏQDİM EDİLDİ

ABŞ-da fentanilin həddindən çox artması və Meksika torpaqlarında amerikalılara qarşı son kəskin hücumlar yenidən Vaşqintonun narkotik kartellərini terror təşkilatları kimi tanıması tələbini gündəmə gətirdi.

Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu tələblərin arxasında bir neçə respublikaçı dayanır. Onlar deyirlər ki, Meksika kartellərinin terror təşkilatı kimi tanınması ABŞ hakimiyyətinə onları məhv etmək üçün zəruri rıçaqları verəcək.

Bu yaxınlarda ABŞ-ın 6 respublikaçı senatoru "NARCOS Aktı" adlı qanun layihəsi təqdim etdilər. Layihə güclü "Sinaloa" və "Xalisco Yeni Nəsil" kartelləri də daxil olmaqla, doqquz məşhur Meksika kartelini “xarici terror təşkilatı” kimi təsbit edəcək. Analoji qanun layihəsi Nümayəndələr Palatasına da təqdim edilib.

"Meksika prezidentinin dediklərinə baxmayaraq, narkotik kartelləri Meksikanın böyük hissələrinə nəzarət edir", - deyən senator Lindsi Graham hazırladığı bəyanatda bildirib:

“Onlar ABŞ-a fentanil və qeyri-leqal narkotik göndərməklə milyardlarla dollar qazanır, burada minlərlə vətəndaşımızı öldürürlər. Bu kartellərin Xarici Terror Təşkilatları kimi tanınması oyunu dəyişdirəcək. Biz kartelləri nişangaha qoyacağıq və onlara maddi dəstək verənlərin, o cümlədən bu zəhərləri istehsal etmək üçün onlara kimyəvi maddələr göndərən Çinli qrupları təqib edəcəyik”.

Çin və son zamanlarda Hindistandan narkotik kartellərinə göndərilən fentanil metamfetamin istehsalı üçün lazımlı “prekursor” kimyəvi maddəsinin mənbəyidir. Cümə günü ABŞ hökuməti Sinaloa kartelinin onlarla üzvünə qarşı ittiham irəli sürüb və fentanil istehsal edən Çin müəssisələrinin alverinə qarşı mübarizədə sanksiya tətbiq edib.

ABŞ-ın Baş prokuroru Merrik Qarland mətbuat konfransında Sinaloa kartelinin artıq transmilli cinayət təşkilatı kimi tanındığını qeyd edib.

Stopnarkotik.az