Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra dövlət ittihamçısı Elnur Kərimov işlə tanış olmadığını və məhkəmənin hazırlıq iclasının təxirə salınmasını istəyib. Hakim Rafiq Abbasov bildirib ki, Rəşad Məlikzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti dekabrın 10-da bitir.
Məhkəmənin baxış iclasının təyin olunmaması səbəbindən onun barəsində qətimkan tədbirinin uzadılması ilə bağlı məsələ müzakirə edilib.
Vəkil vəsatətlə çıxış edərək, müvəkkili ilə bağlı seçilmiş həbs qətimkan müddətinin ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilməsini xahiş edib. Həmçinin qeyd edib ki, Rəşad Məlikzadə dövlətə vurduğu ziyanın bir hissəsini istintaq dövründə ödəyib:
"Müvəkkilim müəyyən xəstəlikdən əziyyət çəkir, həmçinin övladı onkoloji xəstədir, bu səbəbdən onun ev dustaqlığına buraxılmasını xahiş edirik".
Rəşad Məlikzadə çıxış edərək, 15 aydır həbsdə olduğunu deyib: "Qismən zərəri ödəmişəm. 15 ay içəridə olmasaydım öz üzərimə düşən ziyanı tam olaraq ödəyib bitirərdim. İndi ev dustaqlığına buraxılacağım təqdirdə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlimdən gələni edəcəyəm".
Hakim müşavirə edərək, Rəşad Məlikzadə barəsində qətimkan tədbiri dekabrın 18-ə qədər uzadıb. Verilən vəsatətlər təmin edilməyib və məhkəmənin hazırlıq iclası dekabrın 18-nə qədər təxirə salınıb.
Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılıb və barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. O, 9.369.411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir./apa