Baş Prokurorluq ekoloji hüquqpozmalara qarşı mübarizəni davam etdirir.
Baş Prokurorluqdan Stopnarkotik.az-a verilən məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 5 rayon və şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Araşdırmalar zamanı Ağdaş rayonunun Tofiqi, Qusar rayonunun Xuluq, İsmayıllı rayonunun Tircan kəndləri ərazisində, Abşeron rayonunun İsrəfil Məmmədov, Bakı şəhərinin Xətai rayonu, Rahib Məmmədov küçələrində meşə fonduna daxil olmayan, ümumilikdə 750 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 83 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4 və 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.