Dekabrın 2-də Naxçıvandakı Beynəlxalq Hava Limanında insident baş verib.
Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, Babək rayonunun Qahab kəndində qeydiyyatda olan 1958-ci il təvəllüdlü Müslüm Məmmədov (şərti adlı) gecə saatlarında hava limanına gələrək dava-dalaş salmağa, yüksək səslə söyüşlər söyməyə başlayıb. Hava limanında xidmət aparan polislər tərəfindən saxlanılan 65 yaşlı kişi daha sonra idarəyə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib və Naxçıvan şəhər Məhkəməsinə göndərilib.
Məlum olub ki, aeroportda dava salan kişi həmin vaxt Bakıya getmək istəyirmiş və spirtli içinin təsiri altında olub.
O, ifadəsində deyib:
“Dekabrın 1-də qohumumun ailəsində olan toy məclisində iştirak etdim. Orada spirtli içki qəbul etdim. Sonra qardaşım oğluna məni gecə saat 02:05 reysinə Bakı şəhərinə getmək üçün biletim olduğunu bildirdim. O, məni hava limanına gətirdi. Hava limanında biletin vaxtına çox qaldığı üçün vaxtını dəyişdirmək üçün bilet satışı kassasının qarşısına gəldim. İçəridə olan isti spirtli içkinin təsirini biraz da artırdığı üçün artıq şüurumu itirərək etdiyim hərəkətləri dərk etmədim. Polisin məni saxlayaraq, şöbəyə gətirməsindən xəbərim olmayıb. Səhər şöbədə ayıldım, mənə nə baş verdiyini dedilər”.
Məhkəmədə bildirilib ki, yaşı 65 olmuş şəxslər inzibati xətaya görə həbs edilmirlər. Bu səbəbdən Naxçıvan şəhər Məhkəməsi 1958-ci il təvəllüdlü M.Məmmədovu 150 manat cərimə edərək sərbəst buraxıb.