300 dollarlıq gömrük limiti azaldılır? - DEPUTATDAN AÇIQLAMA

"Şəxsi istehlak üçün rüsum ödəmədən xaricdən aylıq 300 dollaradək sifariş məbləğinin 2 dəfə azaldılacağı ilə bağlı son günlər məlumatlar paylaşılır. Bu limitlər Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir".

Stopnarkotik.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sonuncu dəfə 2020-ci ilin avqustunda gömrük limitinin məbləği 1000 dollardan 300 dollara endirilib:

"Bu limitin dəyişdirilməsi ilə bağlı bir sıra sahibkarlıq subyektləri tərəfindən müraciətlərin olmasına baxmayaraq, onun aşağı salınması məqsədəuyğun deyil. Vətəndaşların aylıq 300 dollaradək sifariş etdikləri məhsullar şəxsi istehlak üçündür. Bu baxımdan, o məbləğin azaldılması və ya vergiyə cəlb edilməsi heç bir halda məqsədəuyğun hesab olunmur. Digər tərəfdən, qlobal olaraq indi elektron sifarişlərin həcmində artımlar var. Yerli sahibkarlarımız da bu çağrışlara hazır olmalıdırlar.

Sahibkarların rentabelliyi vətəndaşlar üçün müəyyənləşdirilən gömrük limitinin azaldılması hesabına deyil, öz xərclərini minimumlaşdırmaq və xalis rəqabətə hazır olmaq yolu ilə gücləndirilməlidir Bu baxımdan, vətəndaşlar üçün rüsumsuz aylıq 300 dollar gömrük limitinin dəyişdirilməsinə ehtiyac duyulmur. Sahibkarların rəqabət qabiliyyətini artırmaq üçün innovativ mexanizmlərdən istifadə imkanları hər zaman mümkündür".