Bakıda 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiyaya düşərək ölməsi ilə bağlı cinayət işi üzrə ittiham edilən sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Azər Cümşüdovun vəkili Anar Ramazanov vəsatətlərlə çıxış edib.
Vəkil daşınmaz əmlakın reyestri və kadastrı üzrə mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilməsini, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin mütəxəssislərinin də prosesə cəlb olunmasını xahiş edib.
Eyni zamanda, vəkil hadisə baş verən əraziyə obyektlərin “Təhlükəsiz şəhər” kameraları ilə bağlı da müvafiq qurumlara sorğu verilməsini məhkəməyə bildirib.
Məhkəmə birinci və ikinci vəsatəti təmin edib.
Digər vəsatətlərin baxılmamış saxlanılıb.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan verib.
Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.
Məhkəmənin növbəti prosesi 15 yanvara təyin edilib.
Qeyd edək ki, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb. Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.
Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib./trend