İsrailin Şimal rayon Polis İdarəsinin böyük qüvvələri mayın 29-u səhər saatlarında Bəkri cinayətkar qruplaşmasının 16 üzvünü saxlayıb.
Stopnarkotik.az lent.az-a istinadla bildirir ki, Bəkri və Həriri qruplaşmaları arasında davam edən qarşıdurma nəticəsində azı 21 nəfər həlak olub.
Polis, MAGAV və polis xüsusi təyinatlıları Qalileyada bir neçə nöqtəyə basqın edərək havadan polis helikopterinin dəstəyi ilə təşkilatın bir neçə üzvünü həbs ediblər. Onlar reketçilikdə, hədə-qorxu gəlməkdə və çoxsaylı zorakılıq hallarında, o cümlədən amansız qətllərdə şübhəli bilinirlər.
Səhər saatlarında polis qüvvələri Nazaretdəki bir neçə gizli mənzilləri mühasirəyə alıb və şübhəliləri saxlayıb. Əməliyyat zamanı şantaj və hədə-qorxu ilə əldə edilmiş motosikletlər, avtomobillər, külli miqdarda qızıl, çek və ümumi məbləği bir milyon şekeldən (təxminən 455 min 700 manat) çox olan nağd pul müsadirə edilib. Bundan əlavə, tapança və rabitə vasitələri də aşkarlanaraq götürülüb.
Əməliyyat zamanı ictimai yerlərdə ucaldılan qanunsuz tikililər də dağıdılıb. Belə ki, cinayətkarların müxtəlif məqsədlər üçün - o cümlədən ictimai yerlərdə baş verənlərə casusluq etmək, məlumat toplamaq və məxfi mənzilləri qorumaq üçün istifadə etdikləri divarlar, darvazalar və kameralar sökülüb. Şübhəlilər Nazaretdəki Sülh Məhkəməsinə çıxarılacaqlar.
Bəkri və Həriri cinayət qruplaşmaları arasında baş verən qarşıdurma zamanı iki ildən az bir müddətdə 21 nəfər həlak olub. İlk qətl 2021-ci ilin sentyabrında, sonuncusu isə 11 may 2023-cü ildə baş verib. Münaqişənin bəzi qurbanları demək olar ki, təsadüfi olub - səbəbkarların planlaşdırdıqları hədəflərə çata bilməməsi səbəbindən.