2 841 polis 4 təyyarə ilə əməliyyata başladı... - NARKOBARON TÜRKİYƏDƏ YATAĞIN ALTINDAN TAPILDI / VİDEO

Əfqanıstan-İran-Türkiyə üçbucağında fəaliyyət göstərən narkotik təşkilatının əsas üzvlərindən biri həbs edilib. Narkobaron çarpayının altından tapılıb.

Ankara Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə qrupları tərəfindən bir ildir təqib edilən narkotik təşkilatına qarşı əməliyyata başlanılıb. Əməliyyatda 2 min 841 polis əməkdaşı, 57 polis iti iştirak edib. Həmçinin 4 təyyarədən istifadə olunub.

Əməliyyat zamanı Əfqanıstan-İran-Türkiyə üçbucağında fəaliyyət göstərdiyi aşkarlanan narkotik təşkilatının 524 üzvü saxlanılıb. Təşkilatın əsas üzvlərindən olan narkobaronun isə İstanbulda gizləndiyi müəyyənləşib.

Səhər saatlarında polis qrupları onun yaşadığı lüks mənzilə baxış keçiriblər, lakin onu evində tapmayıb. Bu zaman həyat yoldaşının şübhəli davranışları və çarpayının üzərində oturması polisin diqqətini çəkib. Çarpayını qaldıran polis əməkdaşları narkobaronu yatağın altında uzanmış halda tapıblar. Çarpayının altından çıxarılan narkobaron təhlükəsizlik qüvvələri tərəfindən qandallanaraq saxlanılıb.

Onun təşkilatla dilerlər arasında əlaqəni təmin etdiyi, narkotik vasitələrin pullarını dilerlərdən toplayaraq təşkilatın hesablarına köçürdüyü, dilerlərə narkotik daşımalarını idarə etdiyi və bu səbəbdən də təşkilatın əsas fiqurlarından biri olduğu qeyd edilib.

Mənbə: Haber Global