Pentaqonun rəhbəri Lloyd Ostinin Ukraynaya səfəri zamanı ona bildirilib ki, Ukraynanın 17 milyon mərmiyə ehtiyacı var, ölkənin bütün ərazisini işğaldan azad etmək üçün isə 350-400 milyard dollar vəsait lazımdır.
“Ukraynskaya pravda” nəşrində dərc edilən "Siyasətə qarşı müharibə, Zelenski ilə Zalujnı arasında həqiqətdə nələr baş verir" başlıqlı məqalədə belə deyilir.
Yazıda bildirilir ki, Ukrayna hərbi rəhbərliyinin son hesablamaları Ostinə çatdırılıb: “Baş Qərargahın hesablamaları göstərir ki, Prezidentin Ukraynanın bütün ərazisini azad etmək tapşırığını yerinə yetirmək üçün 350-400 milyard dollar və 17 milyon artilleriya mərmisi lazımdır. Silahlı Qüvvələrin yüksək rütbəli məmurlarından biri bizə dedi ki, Ostinə 17 milyon mərmi lazım olduğunu söyləyiblər. O isə yumşaq desək, təəccüblənib. Çünki bütün dünya bu qədər mərmi toplaya bilməz".
Bundan əlavə, qəzetin ordudakı mənbələrinin bildirdiyinə görə, Zalujnı Ostinə Prezident Ofisindən şikayətlənib: “Sonra Ostin bizə dedi ki, Zalujnı onun işinə necə müdaxilə edildiyindən şikayət edib. Aydın məsələdir ki, Prezident də belə söhbətlərdən xəbər tutub”.
Eyni zamanda, yazıda bildirilir ki, Prezident Ofisi Zalujnının vəzifədən çıxarılmasının onun siyasi karyerasına töhfə verəcəyini düşünür. Ona görə də Andrey Yermakın başçılıq etdiyi qurum və Zelenskinin komandasının əhəmiyyətli bir hissəsi hazırkı baş komandanın istefasının qəti əleyhinədir./azpolitika.info