1,5 milyonluq dələduzluğa görə iki nəfər məhkəmə zalında həbs olundu

Vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunan “Zamin əmlak agentliyi”nin direktoru və əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Orxan Əliyev və Natiq Şahmuradov barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qaldırılan vəsatətə baxılıb. Zərərçəkmiş şəxslərin vəsatətləri əsasında onların barəsində qətimkan tədbiri dəyişdirilib. İndiyədək ev dustaqlığında olan Orxan Əliyev və Natiq Şahmuradov məhkəmə zalında həbs olunublar.

Proses dekabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər verməkdə ittiham olunurlar.

Qrupun başçısı Oqtay Zərbəliyev və qrupun digər üzvləri bu müddət ərzində 78 epizod üzrə zərərçəkən şəxslərin ümumilikdə 1 490 200 (bir milyon dörd yüz doxsan min iki yüz) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməkdə ittiham olunurlar.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə ittiham verilib.

Bu iş üzrə təqsirləndirilən Oqtay Zərbəliyev barəsində daha öncədən həbs qətimkan tədbiri seçilib.