Qeyd olunan iddialar rəsmi təsdiqini tapmadı; “Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələ qərar yoxdur”
“Azərbaycan-Gürcüstan arasında quru nəqliyyatının, o cümlədən dəmiryolu nəqliyyatının bərpa olunması artıq xeyli müddətdir ki, müzakirə olunur”.
Bu haqda Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
O qeyd edib ki, tərəflərin təqdim etdiyi məlumatlara əsasən mayın 1-dən etibarən Bakıdan Tbilisiyə, eyni zamanda əksinə gedib-gəlmək mümkün olacaq: "Ümumiyyətlə, hər hansı rəsmi məlumat yayılırsa, adətən qarşı tərəflə razılaşdırılır. Mayın 1-dən dəmiryolu nəqliyyatının bərpa edilməsi məhz rəsmi məlumatdır. Bu, çox vacibdir. Azərbaycana ən çox gələn turistlər arasında gürcülər ilk üçlükdədir. Təbii ki, Azərbaycandan Gürcüstana gedən turistlərin sayı da kifayət qədər çoxdur. Gürcüstan vasitəsilə üçüncü ölkələrə gedən vətəndaşlarımızın sayı çoxdur. Dəmir yolu nəqliyyatından bərpa edilməsi daha ucuz qiymətə Gürcüstana, yaxud Gürcüstan üzərindən digər Avropa ölkələrinə səfər imkanları artır. Gözləntilər ondan ibartədir ki, artıq ay yarımdan sonra Azərbaycan vətəndaşları qatardan istifadə etməklə Tbilisiyə gedə biləcəklər".
ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov isə reysin mayın 1-dən açılması ilə bağlı Gürcüstan tərəfinin yaydığı məlumata münasibət bildirərkən deyib ki, hələ belə bir qərar yoxdur: “Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələ qərar yoxdur”.
“Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlama vermişdi. Biz də bununla bağlı məlumat gözləyirik”, - Azər Fərəcov əlavə edib.
Reysin açılışına hazırlıq işlərinə gəlincə, ADY rəsmisi bildirib ki, hazırda hazırlıq işləri bütün istiqamətlər üzrə aparılır: "Yekun qərar olandan sonra, biz işlərimizi tamamlaya bilərik".
Xatırladaq ki, Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb. Bir müddət əvvəl Gürcüstan tərəfi qatarların mayın 1-dən fəaliyyətə başlayacağını açıqlayıb.
KƏNAN