YAXIN ŞƏRQDƏ “NARKOTİK SAVAŞI” - "Fəth" və "Şabak" HƏMAS-a qarşı

Narkotik ticarətinin hörümçək toru kimi dünyanı ağuşuna alması və rəsmilərin narkoticarət qarşısında gücsüz vəziyyətdə qalması sirr deyil. Amma belə bir misal da var: “İçərdə xain varsa, qapı kilidli qala bilməz”. Bu misalı həm də heç cür qarşısı alına bilməyən narkoticarət kontekstində də gözdən keçirmək olar. Yəni belə təəssürat yaranır ki, narkoticarətin qarşısının alınmaması narkobaronlarla onların hökumətlər içərisindəki əlaqədar şəxslərin arasındakı koordinasiya sayəsində təmin edilir. Bir məşhur filmdə deyildiyi kimi, “mafiya ölməzdir”. Narkotiklərin qarşısının alınması istiqamətində mübarizə ritorikası isə gözdən pərdə asmaq məqsədi daşıyır.

Stopnarkotik.az xarici mənbələrə istinadən xəbər verir ki, hazırda Qəzzada baş verənlərdə də maraqlı nüanslar nəzərə çarpır. Çünki “narkotik epidemiyası”nın ağuşuna aldığı yerlərdən biri də Qəzza zolağı hesab olunur. Buna hələ 2010-cu ilin 8 oktyabrında “İndependent” qəzetində yayınlanmış yazı dəlalət edir. Hansı ki, həmin yazıda qeyd olunurdu:

“HƏMAS rəsmilərinin Qəzza zolağında milyonlarla dollar dəyərində qeyri-qanuni narkotik vasitələri yandırması ilk hal deyil. Qəzzada tramadoldan istifadə epidemiya səviyyəsinə yaxınlaşıb, çünki bir çox qəzzalı iqtisadi blokada, Fələstinin bölünməsi, işsizlik və döyüşlər nəticəsində yaranan depressiya və narahatlığın öhdəsindən gəlmək üçün narkotikə üz tutur.

Qəzza zolağında hüquq-mühafizə orqanlarının narkotik alverinin arxasında mühacirətdə olan “korrupsioner” Fəth müxaliflərinin dayandığını söyləyirlər, hətta narkotik maddələrin idxalına görə saxlanılanların bəzilərinin İsrailin Şin Bet kəşfiyyat agentliyi ilə şübhəli əlaqələrinin olduğu da iddia edilir”.

Qəzet onu da yazırdı ki, HƏMAS zabitləri 1 milyondan çox opioid ağrıkəsici tramadol, 1500-ə yaxın həşiş barı və 900 qram tiryəki benzinə tökərək yandırıblar. Onlar deyirdilər ki, epidemiya ilə yorulmadan mübarizə aparırlar.

2017-ci ildə HƏMAS rəsmiləri narkotiklərlə mübarizəyə görə ölüm cəzasını təsdiqləyib. Bu haqda “Associated Press” 2018-ci il oktyabrın 22-də xəbər vermişdi.

Fələstinin milli təhlükəsizlik üzrə eksperti İbrahim Həbib isə “Al-Monitor”a bildirmişdi ki, İsrail bir sıra qaçaqmalçılar vasitəsilə Qəzza zolağını narkotiklərlə doldurmağa çalışır.

HƏMAS-a yaxın politoloq İbrahim əl-Mədhun “Al-Monitora” xəbər vermişdi ki, "İsrailin dəfələrlə Qəzzanı narkotiklərlə doldurmaq cəhdləri uğursuzluqla nəticələnib”.

Tsaxalın keçmiş yüksək rütbəli zabiti Dani Tirza “Borderlandbeat” media resursuna bildirmişdi ki, HƏMAS və Sinaloa karteli Yaxın Şərqdə, xüsusən də Livan və Misir kimi ölkələrdə məlumat mübadiləsi və bəlkə də narkotik ticarətini asanlaşdırmaq barədə razılığa gəliblər. Dani Tirzanın dediyinə görə, razılaşma ondan ibarət idi ki, HƏMAS Sinaloa Kartelinin üzvlərinə tunellərlə sızmaq üçün təlim keçəcək. Bu kartel Yaxın Şərqə metamfetamin tədarük etmək niyyətində olub.

Dani Tirza hesab edir ki, HƏMAS və Sinaloa Karteli əslində tunel tikintisi üsullarını bölüşüb, çünki İsrail divarı ilə ABŞ sərhəd divarının altında tikilən tunellər oxşar xüsusiyyətlərə malikdir: onlar sement və poladdan hazırlanır, nəmləndirmə və hidroizolyasiya sisteminə malik olmaqla yanaşı, işıqlandırma sistemləri də quraşdırılır.

Məqsəd nədir: Meksika kartelləri ilə qarşılıqlı əlaqənin yeni parametrlərinə çatmaq?

Hələ 13 il əvvəl “İndependent” qəzeti Qəzzada narkotik alverinin arxasında “Fəth” partiyasının durduğunu, bu təşkilatın İsrailin “Şin Bet” (Şabak) kəşfiyyat qurumu ilə işbirliyi içərisində narkotik ticarəti həyata keçirdiyini yazıb. “Fəth” partiyasının rəhbəri Mahmud Abbasdır. Məlumdur ki, “Fəth” partiyası ilə HƏMAS arasında uzun müddətdir nifaq hökm sürüb, indi də çəkişmə var. Nifaqın səbəbi “Fəth”in 1988-ci ildə İsraili dövlət kimi tanıması oldu. Qəzzada hazırda baş verənlərdən belə ehtimal irəli sürmək olar ki, HƏMAS-a qarşı düşmənçiliyin bir səbəbi də “Fəth”lə İsrailin pərdə arxasında narkotik alverində əməkdaşlığı və qazanılan pullardır.

HƏMAS “narkotik epidemiyası”na qarşı mübarizə aparsa da, Fələstin üzrə ekspert İbrahim Həbibin “Al-Monitor”a dediyi kimi, “İsrail qaçaqmalçılar vasitəsilə Qəzza zolağını narkotiklərlə doldurmağa çalışır”. İsrail tərəfi isə HƏMAS-ı məşhur Sinaloa Narkokarteli ilə əməkdaşlıqda ittiham edir.

Dünya bilir ki, əgər söhbət nəhəng narkotik qazancından gedirsə, heç kimin təmiz olmasına zəmanət yoxdur. Ola bilsin ki, hazırda da Qəzzada baş verən döyüşlərin arxasında da bölgədən keçən narkotik tranzitinə nəzarət uğrunda mübarizə durur. Axı, yenidən formatlanan dünyanın şah damarları məhz logistika marşrutları olacaq. Bu malların daşındığı yeni marşrutlarla narkotik daşınması da gündəmdədir, yəni narkotranzit də yeni logistika marşrutları xəttində qurulacaq.

Məhəmməd Dahlan

Yeri gəlmişkən, burada bir maraqlı şəxsdən bəhs etmək yerinə düşər - Məhəmməd Dahlandan. Bu şəxs haqqında Türkiyənin “Təşkilat” serialında bəhs edilir. Məhəmməd Dahlan “Fəth” partiyasının üzvüdür. Deyilənə görə, 2003-cü ildə Ariel Şaron yəhudilərin 2005-ci ilədək Qəzza və Şimali Samariyadan köçürülməsi təşəbbüsünü irəli sürəndən sonra Məhəmməd Dahlan Fələstin lideri Yasir Ərəfatı Parisdə zəhərləyir və bununla məcburi köçürülmə dayanır. Dahlan ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Raysın və Robert Qeytsin köməyilə İordan çayının qərb sahilində möhkəmlənir, Qəzza sektoru isə HƏMAS-ın nəzarətinə keçir. ABŞ və İsrailin köməyi ilə Dahlan HƏMAS-ı sıxışdırır və bu təşkilat İranın tərəfinə “sürüşür”. Hansı ki, o zamanlar İranın prezidenti Mahmud Əhmədinecat idi. Onun adının da tez-tez narkotik mafiyalarının rəhbərləri sırasında çəkilməsi heç də təsadüf deyil…

Mahmud Əhmədinecat

Hazırda ABŞ və İsrail hakimiyyəti ilə gözəl əlaqələri olan Dahlan Fələstini strukturlarını birləşdirməyə çağırış edib. Yeri gəlmişkən, Dahlanın nəzarətində olan İordan çayının Qərb sahili İsrailin Aralıq dənizindəki Levant qaz yatağına yaxındır. Dahlan-İsrail-ABŞ-Mahmud Abbas-İsrail kəşfiyyatı cinahlarını nəzərə alsaq ehtimal edə bilərik ki, hazırkı çatışmanın məqsədi fələstinliləri qovaraq, onların yaşadıqları yerlərdə qaz yataqlarını ələ keçirmək və bölgədəki narkotik tranzitinə nəzarət etməkdir.

P.S. Rəmi olaraq, beynəlxalq simpoziumda iştirak üçün (böyük ehtimalla narkotiranzitə dair hansısa razılaşmalar məqsədilə-müəl.) Qvatemalaya gedən sabiq İran prezidenti Mahmud Əhmədinejad əvvəlcə saxlanılır, onun uçuşu əngəllənir, sonra isə saat 23:50-də Qvatemalaya səfərinin təhlükəsizliyini öz üzərinə götürdüyünə görə ölkəni tərk etməyə icazə aldığı açıqlanır.

Əlbəttə, Əhmədinejad da mühüm fiqurdur, Dahlan kimi…

Babək Zəncani

Daha bir maraqlı nüans – söhbət iranlı iş adamı Babək Zəncanidən gedir. İranın prezidenti Mahmud Əhmədinejad olduğu vaxtlarda Zəncani problemin həlli üçün alternativ bank sisteminin yaradılması təşəbbüsü ilə çıxış etmişdi və bu struktura İran Mərkəzi Bankı rəhbərinin keçmiş sürücüsü Babək Zəncani özü rəhbərlik etmişdi. Onun nəzarət etdiyi şirkətlər arasında türk hava yolu şirkəti, müxtəlif maliyyə qurumları və bir çox neft tankerləri var.

Zəncani Dubay, Türkiyə və Malayziyadakı 64 şirkətin şəbəkəsindən milyonlarla barel neft satmaq üçün istifadə edərək, İranın Neft Nazirliyi, SEPAH və İran Mərkəzi Bankı üçün 17,5 milyard dollar xarici valyuta qazanıb, hansı ki, İranın buna çox ehtiyacı var idi. 2016-cı il martın 6-da İran məhkəməsi Zəncani barəsində ölüm hökmü çıxardı.

Yəni, uzun sözün qısası, siyasi şüarlarla ortaya atılan çıxışların da, hərəkatların da altında iqtisadi maraqlar yatır. Bu maraqların həyata keçirilməsində isə “açar fiqurlar” rol oynayır. Narkotranziti “düz-qoş” edən, maddi maraqlarından ötrü insan həyatını heçə sayan siyasi fiqurlar kimi… Qurbanlar isə hər zaman bu maraqlar dairəsinin içində yer almayanlar olur. Narkotik alverinin qurbanları kimi…

Asya ŞÜKÜROVA,

Stopnarkotik.az