Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Fərid Məcidov, Daşqın Mansırlı və Məcid İbrahimovun (hər üçünün adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Stopnarkotik.az xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib.
İttihama görə, Fərid Məcidov özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları – təqsirləndirilən Daşqın Mansırlı və Məcid İbrahimovla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əməli törədib.
Hadisə 13 fevral 2025-ci il tarixdə, saat 12 radələrində Bakı şəhərində yerləşən “Gənclik Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində baş verib.
Belə ki, əvvəlcədən aralarında rol bölgüsü aparmış qrup üzvləri ticarət mərkəzinin sanitar qovşağında olan 2008-ci il təvəllüdlü zərərçəkmiş Əkbər Səfərovu (adı, soyadı şərtidir) dövrəyə alaraq onun hərəkət imkanlarını məhdudlaşdırıblar. Bu zaman Fərid üzərində silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirərək zərərçəkmiş şəxsə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edəcəyi hədəsi ilə müşayiət olunan basqın edib. Həmin hədə-qorxu ilə Əkbərin əynində olan 50 manat dəyərində köynək ələ keçirilib.
İttihamda göstərilir ki, bununla kifayətlənməyən təqsirləndirilən şəxslər cinayət əməllərini davam etdiriblər. Onlar aralarındakı rol bölgüsünə uyğun olaraq ələ keçirdikləri köynəyi geri qaytaracaqlarına dair yalan vəd verərək zərərçəkmiş şəxsi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən yeraltı piyada keçidinə gəlməyə razı salıblar.
Sonradan qeyd olunan ərazidə yenidən bir qrup şəxs halında hərəkət edən təqsirləndirilən şəxslərdən Məcid əlində olan, silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirərək Əkbərə qarşı həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edəcəyi hədəsi ilə basqın edib. Bu yolla zərərçəkmiş şəxsin 120 manat dəyərində gödəkçəsi də ələ keçirilib.
Beləliklə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə edilən əşya tətbiq etməklə və həyati təhlükəli zor tətbiq ediləcəyi hədəsi ilə müşayiət olunan basqın etməklə quldurluq cinayət əməli törətməkdə ittiham olunurlar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Məcidovla Daşqın Mansırlının hər biri 8 il və Məcid İbrahimov isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./pravda.az