Məlum olduğu kimi, Yaxın Şərqdə son günlər hərbi-siyasi gərginlik yenidən artıb. İsrail və ABŞ-nin İran ərazisinə zərbələr endirməsi, İranın isə regiondakı ABŞ hərbi bazalarını hədəfə alması bölgədə qarşıdurmanın daha geniş miqyas alma ehtimalını gündəmə gətirib. Proseslərin nə qədər davam edəcəyi və hansı mərhələyə keçəcəyi hələlik bəlli deyil. Lakin baş verənlər təkcə hərbi deyil, həm də iqtisadi baxımdan region ölkələrinə, o cümlədən Azərbaycana təsirsiz ötüşməyə bilər.
İllərdir Azərbaycanda İran istehsalı olan ərzaq və gündəlik tələbat mallarının satışı ilə məşğul olan xüsusi mağazalar fəaliyyət göstərir. Xüsusilə Bakıda belə obyektlərin sayı daha çoxdur.
Paytaxtda “Nə alsan 1 manat” kampaniyaları ilə tanınan bəzi mağazalarda məhsulların ucuz olmasının əsas səbəblərindən biri də məhz İran mallarının geniş paya malik olmasıdır. Hazırda paytaxtda və cənub bölgəsində yerləşən ticarət mərkəzlərində İran istehsalı olan ərzaq, ədviyyat, çərəz və digər gündəlik məhsullar geniş çeşiddə təqdim olunur.
Statistik göstəricilərə görə, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə cüzi dəyişərək 644 milyon dollar təşkil edib. 2024-cü ildə bu rəqəm 647 milyon dollar olub. 2025-ci ildə Azərbaycan İrandan əsasən portağal (14,3 milyon dollar), kartof (13,6 milyon dollar), qida üçün yararlı duz və yodlaşdırılmış məhsullar (11,8 milyon dollar), badımcan (9,4 milyon dollar), peçenye (8,8 milyon dollar), kərə yağı (8,7 milyon dollar), bibər (8,3 milyon dollar), xurma (6,4 milyon dollar), soğan (6,1 milyon dollar), yerkökü (5,7 milyon dollar), kələm (4,5 milyon dollar), pendir (4,1 milyon dollar), kivi (3,1 milyon dollar) və digər ərzaq məhsulları idxal edib.
Bununla yanaşı, idxalda əsas ağırlıq sənaye və tikinti məhsullarının payına düşüb. Həmin dövrdə İrandan azot (84,8 milyon dollar), arqon (48,7 milyon dollar), mərmər qırıntıları və tozu (20,1 milyon dollar), tikinti daşlarının dənəvərləri və qırıntıları (18,9 milyon dollar), təbii barium sulfatı (12,5 milyon dollar), ağ portlandsement (9,7 milyon dollar), hipoxlorit və xloritlər (6,9 milyon dollar), dinatrium karbonat (5,8 milyon dollar) və digər qeyri-ərzaq məhsulları idxal olunub. Göründüyü kimi, İranla ticarətdə sənaye və tikinti məhsullarının həcmi ərzaq məhsullarını üstələyir.
Qeyd edək ki, regionda baş verənlər fonunda ucuz seqmentdə satılan gündəlik İran malların bahalaşması ehtimalı istisna edilmir.
İqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində bildirib ki, İranda baş verən hadisələr və bu ölkədən idxalın məhdudlaşması yerli bazarda qiymət artımına təsir göstərə bilər. Onun sözlərinə görə, bu təsir birmənalıdır.
"Hətta İrandan idxal olunan məhsullarda birbaşa problem yaranmasa belə, İran üzərindən həyata keçirilən daşınmalarda çətinliklər yarana bilər. Azərbaycan İrandan təkcə bu ölkənin məhsullarını almır, eyni zamanda İran ərazisi vasitəsilə tranzit daşımalar həyata keçirilir. Naxçıvana, Türkiyəyə, eləcə də Çindən və digər şərq ölkələrindən idxalın əhəmiyyətli hissəsi Bəndər-Abbas limanı üzərindən reallaşır. Hazırda həmin limanın vurulması isə logistika zəncirində riskləri artırır. Bu da qeyd olunan məhsullar üzrə qiymət artımına səbəb ola biləcək amillər yaradır", -deyə iqtisadçı qeyd edib.
Ekspert vurğulayıb ki, mağazalar fəaliyyətlərini davam etdirmək üçün ya İrandan məhsulları daha baha qiymətə almağa məcbur qalacaqlar, ya da Türkiyə və digər alternativ bazarlara yönələcəklər:"İndiyədək bir çox sahibkarlar məhsulları İrandan daha əlverişli və ucuz olduğu üçün gətirirdilər. Alternativ bazarlar isə qiymətlərin sabit qalacağı anlamına gəlmir. Əksinə, məhsulların bahalaşması ehtimalı yüksəkdir. Söhbət yüzlərlə məhsul növündən gedir və hər biri üzrə qiymət artımı baş verə bilər".