Xırdalanda sahibsiz itlər qadına hücum etdi - ANBAAN VİDEO

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin ərazisində sahibsiz itlər sakinə hücum edib.

Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Görüntülərdən də aydın olur ki, gündüz saatlarında bir neçə it küçədə yolu gedən qadına hücum edir. Çətinliklə də olsa, itlərin əlindən xilas olan qadın xəsarətlərdən qurtula bilmir. Bu, sözügedən ərazidə ilk belə hal deyil. Daha əvvəl də həmin ərazidəki sakinlər, xüsusən azyaşlılar sahibsiz itlərin hücumuna məruz qalıb.

"Qafqazinfo" problemlə əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. 

Qurumdan bildirilib ki, sahibsiz heyvanlara qarşı kobud və qanunsuz hərəkətlərin, o cümlədən digər hər hansı radikal addımın atılmasının mümkünsüzlüyünü nəzərə alaraq RİH tərəfindən mütəxəssislərin də rəyi nəzərə alınmaqla Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb: “Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub.

Tərəfimizdən layihənin smeta xərcləri işlənilib hazırlanıb, bu layihənin tikintisi üçün də maliyyə vəsaiti ayrılıb. Hətta xidməti personal belə təyin edilib. Bütün bu işlərə paralel olaraq Mərkəzin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tərəfimizdən onun tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyəti qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Sənədləşmə işləri artıq son mərhələdədir. Bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə başlanılacaq”./"qafqazinfo"