Türkiyədə narkotik əməliyyatı: məşhur şəxslərin intim görüntüləri gizli qeydə alınıb

Türkiyədə bir çox tanınmış şəxsləri əhatə edən narkotik əməliyyatları ilə bağlı yeni detallar ortaya çıxıb.

"Haber Global" xəbər verir ki, məşhur qadın teleaparıcının onunla yaxın münasibətdə olan tanınmış şəxslərin video və fotolarını gizli şəkildə lentə aldığı iddia edilir.

Bundan əlavə, məşhur klub rəhbərlərindən birinin sözügedən proseslə əlaqədar dindirilmək üçün hüquq-mühafizə orqanlarıma çağırılacağı da bildirilir.

Proses çərçivəsində "gənc qızlar və qadınlar iş vədləri adı altında homoseksual münasibətlərə məcbur edilib və çəkiliş zamanı qadağan olunmuş maddələrdən istifadə etməyə məcbur olunublar" kimi iddialar da irəli sürülüb.

Şübhəlilərin bəziləri, o cümlədən tanınmış teleaparıcılar və sosial media fəalları "narkotik maddələrin alınması, saxlanması və istifadəsi, eləcə də istifadəsinə kömək etmək" ittihamları ilə saxlanılıblar.

Türkiyəli jurnalist Abdurrahman Şimşek narkotik əməliyyatı ilə bağlı istintaqın qarşıdakı günlərdə daha təəccüblü və qalmaqallı məcrada davam edəcəyini bəyan edib. O, hazırda həbsdə olan teleaparıcı ilə Türkiyənin ən nüfuzlu üç futbol klubundan birinin rəhbərliyində təmsil olunan şəxsin arasındakı yazışmaların dinlənildiyini açıqlayıb.

Şimşek iddia edib ki, istintaqda adı keçən aparıcı hər ay ABŞ-yə səyahət edib və bu səfərlər zamanı yüksəkvəzifəli şəxslərlə görüşlərinin videolarını çəkib.

"Prokurorluq da bu qadın aparıcının ABŞ-yə səfəri ilə maraqlanır. O, qarşılaşdığı hər kəslə "möhtəşəm gecələr" keçirdikdən sonra onların foto və videolarını çəkib. Bunun sübutu onun telefonunda tapılıb. Başqa sözlə, o, kiminləsə gecəni bir yerdə keçirəndə gizli şəkildə çəkilişlər aparıb. Onun görüşdüyü insanlar isə öz sahələrində strateji əhəmiyyətli şəxslərdir", - deyə Şimşek bildirib.

Digər türkiyəli jurnalist Mehmet Karataş isə tanınmış və yüksəkvəzifəli şəxslərin xüsusilə hədəfə alındığını və narkotik şəbəkəsinə cəlb edildiyini söyləyib. O, qadın aparıcının təşkil etdiyi görüşlərin gizli şəkildə mobil telefon kameraları ilə qeydə alındığını vurğulayıb.

"Burada diqqətçəkən məqam odur ki, adları qeydə alınan şəxslər maddi vəziyyətlərinə görə deyil, tutduqları vəzifələrə görə seçiliblər. Onlar bu şəxsləri seçib və tələyə saldıqdan sonra gizli çəkilişlər aparıblar. Prosesdə adları hallanan şəxslər tutduqları vəzifələrinə və başlarına gələn hadisələrə görə yaxın günlərdə ən çox danışacağımız mövzular olacaq", - deyə Karataş bildirib./oxu.az