Taksilərin avtobus zolaqlarından istifadəsinə icazə verilə bilər – MİLLİ MƏCLİSDƏ TƏKLİF

Milli Məclisdə taksilərin avtobus zolaqlarından istifadə edilməsinə icazə verilməsi təklif edilib.

Bu təkliflə deputat Vasif Qafarov parlamentin bugünkü plenar iclasında çıxış edib.

Deputat bildirib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksilər ictimai nəqliyyat vasitəsi sayılır və beynəlxalq təcrübədə bu model geniş tətbiq olunur:

“Təklif edirəm ki, Bakı şəhərində rəsmi platformalarda qeydiyyatda olan taksilərə avtobus zolaqlarından istifadə hüququ verilsin”.

Bundan başqa, Milli Məclisin üzvü ödənişli parklanma xidmətinin sığorta mexanizmi ilə təmin edilməsi məsələsini də səsləndirib:

“Ödənişli parklanma yerlərində sığorta mexanizminin tətbiq edilməməsi bir sıra mənfi nəticələr doğurur. Vətəndaş parklanma üçün ödəniş etdiyi halda parklanma yerində avtomobilinə dəyən zərərə görə heç bir təminat almır. Qanunvericilikdə müvafiq dəqiqləşmələr aparılmalı və parklanma xidmətində sığorta məsuliyyəti aydın şəkildə müəyyən olunmalı, parklanma haqqına minimal sığorta konponentinin daxil edilməlidir”.