Jurnalist Nigar Orucova Daxili İşlər Nazirliyinə müraciət edərək kömək istəyib.
Stopnarkotik.az bildirir ki, o “Facebook” səhifəsində nazirliyin mətbuat xidmətinin rəhbəri, polis pokovniki Elşad Hacıyevə açıq müraciət ünvanlayıb
O, taksi sürücüsünün hücumuna məruz qaldığını bildirib: “Bir jurnalist kimi deyil, vətəndaş kimi yazıb sizdən dəstək xahiş edirəm. Bu gün taksi sürücüsünün hücumuna məruz qalmışam. “Uber” şirkətindən taksi çağırmışdım. Proqramda sürücünün eşitmə məhdudiyyətli olduğu qeyd olunmuşdu. Bir dəfə də belə məhdudiyyətli sürücü ilə gələndə heç bir problem yaşamadığım üçün bu dəfə də imtina etmədim. Avtomobilə əyləşib yolu izah etmək üçün telefonda yazıb sürücüyə göstərdim. İşarə etdi ki, oxuya bilmir. Məcbur qalıb maşından düşdüm. Amma hələ həyətimizdən çıxmadığımız üçün ödəniş etmədim. Adam dalımca düşüb mənə hücum etmək istədi. Yaxşı ki, həyətdə qonşular var. Qaçdım yanlarına. Bunu görən sürücü telefonunu çıxarıb şəklimi çəkdi. Sonra maşınına əyşib sürdü. Mən də şikayət edə bilməyim üçün telefonla arxadan avtomobilin şəklini çəkdim”.
N.Orucova bildirir ki, bunu görən sürücü yüksək sürətlə maşını arxaya-arxaya onun üzərinə sürüb.
“Zamanında yoldan çıxa bildim. Bu cür sürücülər potensial təhlükədirlər. İstənilən an vətəndaşa xəsarət yetirə bilərlər. Yaxşı ki, mənə kömək edə qonşular oldu. Bəs başqa sərnişin olsa idi və köməyi olmasaydı, onda necə”, - jurnalist müraciətində bildirib.