Stopnarkotik.az saytının 1 yaşı tamam oldu! – SON BİR İLDƏ NƏLƏRƏ NAİL OLDUQ?..

2 may 2023-cü il. Bu, Stopnarkotik.az ailəsi üçün sıradan bir tarix deyil. Ona görə ki, düz bir il əvvəl, mayın 2-də Stopnarkotik.az xəbər portalı fəaliyyətə başlamışdır.

Şübhəsiz, Stopnarkotik.az müxtəlif xəbərləri öz səhifəsinə daşımaqla işini bitmiş hesab edən sıradan bir media layihəsi olmayacaqdı. Qarşıda daha böyük hədəflərimiz vardı. Ən başlıcası isə, Azərbaycanda narkomaniya bəlasının kökünün kəsilməsi istiqamətində fəaliyyət göstərməyi qarşıya məqsəd qoymuşduq. Doğrudur, bu, hansısa bir saytın təkbaşına öhdəsindən gələ biləcəyi problem deyil. Amma, ən azı “yanğını söndürmək üçün dimdiyində su daşıyan qaranquş” qədər faydalı olmaq niyyətində idik. Yəqin, bir illik fəaliyyətimiz zamanı bu sahədə cəmiyyətimizə nə qədər fayda verdiyimizi oxucularımız daha yaxşı bilər...

Qeyd edək ki, Stopnarkotik.az Azərbaycanda narkoticarətin və narkomaniyanın aradan qaldırılması istiqamətində peşəkar fəaliyyət göstərən yeganə sayt idi və bu gün də belədir. O baxımdan, bizi qarşıda çətin günlərin gözlədiyi sirr deyildi. Lakin biz bütün çətinlikləri göz önünə alaraq, kiçik bir kollektivlə bu yola çıxmaqdan çəkinmədik.

Əlbəttə, biz bu yolda tək deyildik. Təxminən iki il öncədən ölkə başçısı tərəfindən Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı ciddi mübarizə aparılması ilə bağlı müvafiq dövlət qurumlarına göstərişlər verilmişdi. Təsadüfi deyildi ki, bu göstərişdən sonra ölkəmizə daxil olan tonlarla narkotikin qarşısı alınır, demək olar, hər gün onlarla narkotacir saxlanılırdı. Lakin, bütün bunlara baxmayaraq, vəziyyət heç də ürəkaçan deyildi. Belə ki, həbsxanalar narkotik alverçiləri ilə ağzına kimi dolu olsa da, yerli narkobaronlar öz bizneslərini daha da genişləndirir, xüsusilə də yeniyetmə və gənclərimiz arasında narkomaniya sürətlə yayılırdı.

Bütün bunlar isə heç də təsadüf deyildi. 44 günlük Qarabağ savaşında ermənilərlə yanaşı, Azərbaycan Ordusuna məğlub olan digər xarici qüvvələr bu dəfə ölkəmizə qarşı “narkotik savaşı” elan etmişdilər. Şübhəsiz, öndə İrandakı molla rejimi dayanırdı. Hansı ki, İran rejimi mümkün yollarla Azərbaycana ucuz, sintetik narkotikləri ixrac etməklə ölkəmizdə bu maddəni hər kəs üçün əlçatan etməyə, vətəndaşlarımızı kütləvi surətdə narkomaniya bəlasına sürükləməyə çalışırdı.

Təbii ki, istər molla rejiminin, istər də digər xarici qüvvələrin ölkəmizə qarşı açdığı “narkotik savaşı”nın mahiyyəti dövlət rəhbərliyinə çox yaxşı bəlli idi. Elə bu səbəbdən də Prezident İlham Əliyev Azərbaycana gələn “narkotik marşrutları”nın qapadılması və vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, narkobaronları himayə edən, narkotik satışına şərait yaradan və yaxud göz yuman bütün rəsmi və qeyri-rəsmi şəxslərin cəzalandırılması ilə bağlı aidiyyəti qurumlara göstəriş vermişdi. Şübhəsiz, bu proses Azərbaycanda narkomaniya bəlasının kökü kəsilənə, ən azı narkomaniya təhlükəsi cəmiyyətimizdən sovuşanadək davam etməlidir, hansı ki, hazırda da bu istiqamətdə ciddi mübarizə gedir.

Bir çox ekspertlərin də etiraf etdiyi kimi, istər narkomaniya, istər də narkotik ticarəti ilə mübarizə yalnız rəsmi qurumların işi deyil. Bu sahədə medianın üzərinə də böyük yük düşür. Çünki yeniyetmə və gənclərimizi narkotik bəlasından uzaq tutmaq üçün ilk növbədə onlara narkotikin zərərləri haqda yetərli məlumatlar verilməlidir. Hətta yeri gəldikcə, narkomanların acı taleyi də bu və ya digər şəkildə onlara çatdırılmalıdır ki, narkotikə meylli olan yeniyetmə və gənclərimiz bu bəlaya düçar olacaqları təqdirdə, onların sonunun da digərlərindən fərqli olmayacağını dərk etmiş olsunlar. Bir sözlə, narkomaniyaya qarşı mübarizədə ilk addım maarifləndirmə işinin düzgün şəkildə aparılmasıdır ki, burada da istər valideynin, istər təhsil ocaqlarının, istər də medianın üzərinə böyük yük düşür.

Onu da etiraf etməliyik ki, son illərədək narkomaniya ilə bağlı maarifləndirmə işi yetərli səviyyədə aparılmırdı. İstər valideynlərin narkomaniyaya meyl edən övladlarına qeyri-düzgün yanaşması, istər məktəblərdə psixoloqların olmaması, yaxud formal fəaliyyət göstərməsi, istər də medianın, xüsusilə televiziyaların nəinki maarifləndirici verilişlərə yer verməsi, əksinə yanlış təbliğatları ilə yeniyetmə və gəncləri “narkomaniya bataqlığı”na sürükləməsi danılmazdır. Bütün bunlar isə ən azı media sahəsində böyük bir boşluğun olduğunu ortaya qoyurdu. Stopnarkotik.az saytı da məhz bu boşluğu doldurmaq üçün fəaliyyətə başladı.

Əlbəttə, ölkədə dəhşətli bir səviyyəyə gəlib çatmış narkomaniya problemini bir il müddətində həll etmək nəinki hansısa bir media subyekti, hətta aidiyyəti güc strukturları üçün də asan məsələ deyil. Doğrudur, rəsmi və qeyri-rəsmi səviyyədə bu sahədə son bir neçə il ərzində kifayət qədər böyük işlər görülüb və hazırda da görülməkdədir. Üstəlik, təkcə narkotacirlərin həbsi, yeniyetmə və gənclər arasında maarifçilik işinin genişləndirilməsi sahəsində deyil, narkomanların müalicəsi ilə bağlı da az işlər görülməyib. Heç də təsadüfi deyil ki, iki il əvvələdək Azərbaycanda cəmi 2-3 özəl reabilitasiya mərkəzi mövcud idisə, hazırda onların sayı 150-dən artıqdır. Eləcə də, yaxında dövlət büdcəsindən maliyyələşən daha iki narkoloji dispanserin fəaliyyətə başlayacağı gözlənilir. O cümlədən, kadr sahəsində mövcud olan problemin aradan qaldırılması istıqamətində də dövlət səviyyəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

Bəs, fəaliyyətə başladığı bir il ərzində Stopnarkotik.az saytı qarşıya qoyduğu hansı məqsədlərə çatmağı bacarıb? Əlbəttə, yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, bu sualın cavabını hər bir diqqətli oxucumuz daha yaxşı verə bilər. Biz isə qısaca olaraq onu deyə bilərik ki, son bir il ərzində Stopnarkotik.az ailəsi mövcud imkanları daxilində çox uzun yol qət etməyi bacarıb. Hansı ki, əməkdaşlarımız peşəkar səviyyədə işlənilən onlarla təhlil yazıları hazırlamaqla, müxtəlif sahədə mövcud olan problemlərin həlli yollarını ortaya qoymağa çalışıb.  Bundan əlavə, saytımızda bir çox dövlət qurumlarının vəzifəli şəxsləri ilə, tanınmış ziyalılarla, narkoekspertlərlə, narkoloqlarla, təhsil ekspertləri ilə, QHT rəhbərləri ilə, psixoloqlarla, psixoterapevtlərlə, sosioloqlarla, hüquqşunaslarla, ali və orta məktəb müəllimləri ilə, yazıçılarla, media qurumlarının rəhbərləri ilə, aktyor və aktrisalarla, teatr rəhbərləri ilə və s. nüfuzlu insanlarla çoxsaylı müsahibələr dərc olunub ki, bunların hər biri minlərlə oxucunun marağına səbəb olub. O cümlədən, ölkədə narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə çərçivəsində dövlət qurumlarının, polis idarə və şöbələrinin gündəlik fəaliyyətinin izlənərək, hər ayın sonunda hesabat xarakterli layihə təqdim olunması da oxucularımız tərəfindən maraqla qarşılanır.

Həmçinin, saytımızın eyniadlı “Youtube” və “Tik-Tok” kanallarında özəl reabilitasiya mərkəzlərinin rəhbərləri, eləcə də hazırda müalicə olunan pasiyentlər və müalicəsi başa çatmış keçmiş narkomanlarla çoxsaylı video-müsahibələr aparılıb ki, bunların hər birində başlıca hədəf ucuz sensasiya yaradaraq IP toplamaq deyil, məhz yeniyetmə və gənclərimizə şüuraltı “narkotikdən uzaq durun, əks halda siz də bunların gününə düşəcəksiniz!” mesajını çatdırmaq olub. Üstəlik, burada yalnız narkomanlarla deyil, iqromanlar, içki aludəçiləri, qumarbazlar və digər asılılıq növündən əziyyət çəkən insanlarla maarifləndirici müsahibələr təşkil olunub ki, bu bəlanın hər birinin ayrı-ayrılıqda fəsadlarını cəmiyyətimizə çatdıra bilək.

Əlbəttə, bu müsahibələrin, aradşırma yazılarının, məqalələrin hər birinin geniş oxucu kütləsi toplaması, redaksiyamıza çoxsaylı zənglərin daxil olması və oxucularımızın böyük əksəriyyəti tərəfindən fəaliyyətimizin təqdir olunması bizə əlavə stimul verir. Bu, həm də onu deməyə əsas verir ki, ötən bir ilimiz heç də hədər getməyib. Məsələn, istər dövlət qurumları ilə əlaqələr yaratmaq hesabına, istər də özəl reabilitasiya mərkəzləri ilə danışıqlar aparamqla, Stopnarkotik.az-a müraciət edərək kömək istəyən çox sayda narkomanın pulsuz müalicə almalarına dəstək ola bilmişik. Ən başlıcası isə, bunları kimsədən təmənna güdmədən, qarşılıq istəmədən, sırf gənclərimizin sağalıb normal həyata qayıtması naminə etmişik ki, bundan sonra fəaliyyətimiz müddətində də cəmiyyətimizə bu və digər istqamətdə faydalı olmağı qarşıya məqsəd qoymuşuq. Son aylarda əməkdaşlarımız yeri gəldikdə ehtiyacı olan narkoman ailəsinin üzvlərinə dəstək məqsədi ilə çox qapalı şəkildə geyim toplanılması kampaniyaları da aparıb ki, bunu da ilk dəfə məhz bu yazıda dilə gətiririk.

Sözsüz ki, bu 1 il ərzində Stopnarkotik.az saytının fəaliyyətindən narahat olan şəxslər də olub. Yeri gəldikdə, əməkdaşlarımızı təhdid edən, saytımıza və sosial şəbəkə hesablarımıza haker hücumları təşkil etdirənlər məhz bu qəbildən olan insanlardır. Lakin bütün bunlar nəinki bizi yolumuzdan döndərib, əksinə, düşünmüşük ki, fəaliyyətimiz hansısa narkobaronu, narkotik ticarətini himayə edən məmuru narahat edibsə, deməli, düzgün yoldayıq. Odur ki, yeniyetmə və gənclərimizin məhvinə yönəlmiş “narkotik savaşı” dövlətimizin və xalqımızın xeyrinə sonuclananadək bu yolda da davam edəcəyik.

Bu yolda bizə dəstək olan hər bir şəxsə və oxucularımıza ayrıca təşəkkür edirik!

Stopnarkotik.az