Bu gün, 2 may tarixi Stopnarkotik.az saytının yarandığı gündür. Bu bir il ərzində bir çox ekspertlərlə əməkdaşlıq etmiş, onların narkotik bəlası ilə mübarizəyə dair düşüncə və təkliflərini səsləndirmiş, cəmiyyətə çatdırmışıq. Həmin narkoekspertlərdən biri, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Emil Maqalov Stopnarkotik.az saytının 1 yaşının tamam olması ilə əlaqədar öz fikirlərini bildirib:
“Ümumiyyətlə, mən Stopnarkotik.az saytından başqa, bu yöndə fəaliyyət göstərən ikinci sayt tanımıram və görmürəm. Ölkəmizdə narkomaniyanın durumu, görülən işlərlə bağlı lazımlı, maraqlı xəbərlər verən yeganə sayt Stopnarkotik.az-dır. Bəlkə də var, sadəcə mən tanımıram. Mən bu saytın işini yüksək qiymətləndirirəm və düşünürəm ki, müvafiq qurumlar tərəfindən sizə dəstək olunsa, daha yaxşı olar və daha çox inkişaf edə bilərsiniz".
Emil Maqalovun sözlərinə görə, Stopnarkotik.az saytında diqqət çəkən bir çox mövzular var ki, onlar cəmiyyətimiz üçün xüsusilə faydalıdır: “Birincisi, saytda filan yerdə filan kuryer, filan yerdə filan satıcı və narkomanın həbs edilməsi xəbərlərinin dərc olunması gənclərdə və yeniyetmələrdə heç olmasa minimum qorxu hissi yaradır. Onlar başa düşürlər ki, polis işləyir və digər ölkələrdən fərqli olaraq, bu məsələyə bayağı yanaşılmır, ciddi yanaşılır. Və belə qanunsuz hərəkətlərə əl atsalar, onların aqibəti necə olacaq.
İkincisi, saytda çox məlumatlar var ki, mən də özümə lazım olan məlumatları oradan götürürəm. Elə statikstik məlumatlar var ki, onu tapmaq olmur, amma sizin saytda onları tapmaq mümkündür. Məsələn, hansı vaxtda, hansı yerdə, hansı hadisənin olduğu ilə bağlı bəzi məlumatları sizin saytdan götürürük.
Əlbəttə, mən sizə daha çox maliyyə arzulayıram. Çünki bu işin başında maliyyə durur. Dəstək verilsə, siz cəmiyyət üçün bundan da çox xeyirli işlər görə bilərsiniz".
Stopnarkotik.az